Ermənilər 1915-1919-cu illərdə Şərqi Anadoluda yarım milyondan çox türkü qətlə yetiriblər

"Camışların üstünə kətan yağı töküb od vuraraq məscidin pəncərəsindən içəri atıblar. Məsciddə 587 müsəlman türkü yanıb külə dönüb".
Sputnik

BAKI, 24 aprel — Sputnik. Ermənilər hər il aprelin 24-də qondarma soyqırımı iddiaları ilə gündəmə gəlməyə çalışırlar. Halbuki Türkiyənin Şərqi Anadolu bölgəsində bir çox kənd və şəhər ermənilərin türklərə qarşı xüsusi amansızlıqla törətdiyi qətllərin izlərini daşıyır. Burada 1915-1919-cu illərdə ermənilərə qarşı başlayan üsyan qadın, uşaq, yaşlı demədən minlərlə məsum insanın qətlə yetirilməsi ilə nəticələnib.

"TRT Haber" saytının yaydığı xəbərə görə, həmin ərazilərdə erməni vəhşiliyinin izləri kütləvi məzarlarda bu günə kimi qalır.

Erməni quldur dəstələri Anadoluda ən vəhşi qətliamlardan birini Ərzurumun indi Ortabahçe adını daşıyan o zamankı Cinis kəndində törədiblər. Ermənilər 587 məsum insanı bir məscidə doldurub od vuraraq yandırıblar.

Həmin hadisədə yaxınlarını itirən Əbdürrəhman Zeynal baş verənlərlə bağlı atasından eşitdiklərini belə xatırlayır: "Ermənilər camışların üstünə kətan yağı töküb od vuraraq məscidin pəncərəsindən içəri atıblar. Məsciddə 587 müsəlman türkü yanıb külə dönüb. Mənim babam da onların arasında olub".

Ermənilərin Anadoluda ayaq basdıqları hər evə zülm və gözyaşı gətirdiklərini deyən Zeynal daha sonra digər yaşayış məntəqələrində də türklərin qətlə yetirildiyini bildirib: "Oradan Təzəgül kəndinə gediblər və 58 nəfəri qətlə yetiriblər. Alaca kəndində 279 nəfəri vəhşicəsinə öldürüblər. Ümumilikdə ermənilər Ərzurumda bir gecədə 12 min 300 nəfərdən çox türkü qətlə yetiriblər".

Bundan başqa, Qarsda 286 nəfəri məscidə toplayaraq yandırıblar. Ermənilərin Qarsın Böyük Çatma və Kiçik Çatma kəndlərində törətdikləri qətliam nəticəsində bu yaşayış məntəqələrində bir nəfər də sağ müsəlman qalmayıb.

Bundan başqa, ermənilər İqdır, Muş, Van şəhərlərində də türklərə qarşı xüsusi amansızlıqla soyqırımı törədiblər. Hətta Zevə kəndində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş əksəriyyəti uşaq, qadın və yaşlılardan ibarət 2500 nəfərin məzarının yer aldığı ayrıca qəbiristanlıq da var.

Vaxtilə erməni vəhşiliyinin qurbanı olmuş insanların yaxınları qondarma "erməni soyqırımı" gününün qeyd olunmasına sərt reaksiya veriblər.

Qeyd edək ki, rəsmi məlumatlara əsəasən, Şərqi və Cənub-Şərqi Anadoluda ermənilər tərəfindən ümumilikdə 519 min türk qətlə yetirilib.