Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 aprel — Sputnik. Aparılan inventarizasiya əsasında Abşeronda təxminən 1000 hektar ərazi neftlə çirklənmiş ərazi sayılır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.
Onun sözlərinə görə, əsas çirklənmə yerləri Balaxanı, Suraxanı, Sabunçu əraziləridir. M.Qənbərov bildirib ki, müəyyən qədər də Bayıl ərazisi bura daxildir:
““Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən aparılmış monitorinqlərə görə 1060 hektar neftlə çirklənmiş ərazi vardı. O vaxtdan bu dövrədək təmizlənmə işləri aparılıb, nəticədə bu təxminən 1000 hektara çatıb”.
Agentlik sədri deyir ki, elə ərazi var ki, orada neft hasilatı davam edir: “Bu gün Şağanda Neft Qaz Çıxartma idarəsinin istehsalat sahəsi var. Orada demək olar ki, üzük qaşı kimi evlər inşa olunub. Tullantıların yığılması əraziləri var ki, ümumi cizgiləri 47 hektar idi. İndi bir qədər azalıb”.