RUSİYA

Ağ Ev Rusiyaya qarşı sanksiyaların nəticələrini qiymətləndirdi

Dalip Sinqh: "Sanksiyalar Vaşinqtonun Moskvaya qarşı daha geniş strategiyasının yalnız bir hissəsidir".
Sputnik

BAKI, 24 aprel — Sputnik. ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinqh bildirib ki, Vaşintonun tətbiq etdiyi məhdudiyyətlər Co Bayden administrasiyasının ümid etdiyi nəticəyə xeyli yaxındır. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadla məlumat yayıb.

"Niyyətimiz proporsional hərəkət etmək və məqsədli yanaşma tətbiq etmək, eləcə də Rusiya bu cür davranışlara davam edərsə və ya eksalasiyaya başlayarsa, daha çox zərər vermək imkanımız olduğuna işarə vurmaq idi. Nəticə, hələ ki, gözlədiyimizə yaxındır", - deyə o qeyd edib.

Sinqhin sözlərinə görə, sanksiyalar Vaşinqtonun Moskvaya qarşı daha geniş strategiyasının yalnız bir hissəsidir. "Bu, sadəcə strategiyanı inkişaf etdirməyə kömək edəcək bir vasitədir, konkret vəziyyətdə diplomatik proses üçün təsir aləti yaradır. Rusiya məsələsində bu prosesin məqsədi daha sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmaqdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya-Amerika münasibətləri ABŞ Prezidenti Co Baydenin Moskvanın bu ölkədə keçirilən prezident seçkisinə müdaxiləyə görə cavab verməli olduğunu bəyan etməsindən, eləcə də Rusiya Prezidenti Vladimir Putin haqqında sərt fikirlər səsləndirməsindən sonra kəskinləşib.

Bundan sonra Rusiyanın ABŞ-dakı səfiri Moskvaya məsləhətləşmələrə dəvət edilib.

Xatırladaq ki, aprelin 15-də Bayden Moskvaya qarşı sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb və aprelin 16-dan etibarən Rusiya Federasiyası cavab tədbirləri görəcəyini bəyan edib.