BAKI, 23 aprel — Sputnik. "Bizim vahid əmək münasibətləri platforması olan "ƏMAS" adlı yeni sistemimiz yaranır. Bu sistemdə vətəndaşın həmişəlik izlənməsi həyata keçiriləcək".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bu gün canlı yayımda çıxışı zamanı deyib.
Bu sistemlə iş üçün müraciət edən vətəndaşın sonrakı izlənmə prosesi də həyata keçiriləcək: "Yəni, həmin şəxs işdən çıxıbsa, biz onu dəvət edə, yeni işə, yaxud da digər aktiv məşğulluq proqramlarına cəlb edə bilərik. Yaxud da həmin şəxsin peşə hazırlıq kursunu daha da təkmilləşdirə bilərik".
"Həmin şəxsin digər qurumlarla da əlaqəsini yarada bilərik. Bu sistem vasitəsilə həmin vətəndaşları izləyib onunla bağlı digər qurumlara da məlumatları ötürəcəyik. Bu müraciətdə həmin vətəndaşlara nə kimi dəstəklərin verilməsinin vacibliyini də vurğulayacağıq", - deyə C.Quliyev əlavə edib.