BAKI, 23 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində mühüm layihələrdən olan əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Agentliyin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi aktiv məşğuluq proqramları barədə məlumat verib. O, rəqəmsal məşğulluğa keçid və xidmətlərin elektronlaşdırılması istiqamətində icra olunan 8 layihəni qeyd edib. Bildirib ki, bunlar ƏMAS, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, həmçinin ictimai işlər portalıdır (works.gov.az).
Qeyd olunub ki, yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir "ERP" formatını ehtiva edəcək. Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS önəmli rol oynayacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlər vasitəsilə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək.
Daha sonra insan resursları üzrə məsul şəxslərin sualları cavablandırılıb, təklifləri dinlənilib.