CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dini qurumun qeydiyyatdan keçdiyi ünvandan kənarda fəaliyyətinə yol verilməyəcək

“Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavəyə görə, dini qurumun adı onun təşkilati-hüquqi formasını, fəaliyyətinin xarakterini və hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna "Dini qurumun adı və fəaliyyət ərazisi" adlı yeni 9-1-ci maddə əlavə edilir.

Əlavəyə görə, dini qurumun adı onun təşkilati-hüquqi formasını, fəaliyyətinin xarakterini və hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir. Dini qurumun adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz.

Dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla) qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə yol verilmir.

Dini mərkəzin (idarənin) Azərbaycanda fəaliyyət ərazisi məhdudlaşdırılmır.

Dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə 7 (yeddi) gün müddətində tabe olduğu dini mərkəzə (idarəyə) məlumat verir. Dini mərkəz (idarə) bu barədə, habelə öz hüquqi ünvanı dəyişdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 gün müddətində məlumat verir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.