Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin məqaləsini təqdim edirik.
"Böyük qüvvələrlə toqquşmanın qarşısını almaq qorxaqlıqdan deyil, müdriklikdən xəbər verir, çünki özünü qurban vermək heç vaxt heç bir yerdə üstünlük hesab olunmur" (Sun Tzu. "Müharibə Sənəti").
Son illər Rusiya ilə ABŞ arasındakı münasibətlər faktiki olaraq rəqabətdən qarşıdurmaya keçib, əslində Soyuq Müharibə dövrünə geri qayıtmışıq desək, daha doğru olar. Sanksiyalarla təzyiq, təhdid, münaqişəli qarşıdurma, eqoistcəsinə öz mənafeyini qoruma - bütün bunlar dünyanı daimi qeyri-sabit vəziyyətdə saxlayır.
İki ölkənin münasibətləri uzun müddət bu vəziyyətdə qalanda buna elə böhran deyilir. Belə böhranlar münasibətlərin daha kəskin formaya – "böhranların böhranına" keçməsinə münbit şərait yaradır. Belə bir vəziyyətdə, hər hansı bir səhv addım, səbirsizlik, hər bir sözün strateji mənasını anlamamaq təkcə iki ayrı ölkəni deyil, bütün dünyanı ən çətin problemlərin girdabına sürükləyərək birbaşa hərbi münaqişə təhdidi qarşısında qoyur.
Buna bənzər hal artıq bizim ümumi tariximizdə yaşanıb. Düzdür, onda zəmanə başqa idi, indikindən fərqlənirdi, hadisənin baş verdiyi yer isə Karib hövzəsi idi. Amma baş verənlərin mahiyyəti çox oxşar idi. ABŞ-ın o zamankı xarici siyasəti ölkəmizi buna uyğun reaksiya verməyə məcbur etdi. 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində bu, Amerika raketlərinin Türkiyə, Cənubi Vyetnam və Livanda yerləşdirilməsi şəklində özünü göstərdi. Eləcə də Kubada sonradan inqilabla nəticələnən bacarıqsız siyasətdə, "Azadlıq Adası" üzərində nəzarəti ələ keçirtməyə yönəlmiş cəhdlərdə və bir çox başqa şeydə özünü büruzə verdi.
Hazırda bu, Rusiyaya qarşı sanksiyalar, mütəşəkkil qaralama kampaniyası, Amerikanın qonşularımıza qarşı yürütdüyü siyasət, NATO-nun sərhədlərimizə qədər gəlib çatması, "Şimal Axını 2"-yə qarşı hərəkətlər, ölkəmizin Şimal dəniz yolunu işə salması ilə bağlı narahatlıq, nəhayət, Ukrayna məsələsi və daha bir çox şeydə özünü göstərir. Belə siyasətə dair nümunələr gündəlik olaraq qarşıya çıxır.
Keçmiş SSRİ kimi hazırda Rusiya da rəqibə qarşı təhdid səviyyəsinə görə ABŞ-a cavab vermək iqtidarındadır.
1960-cı illərin əvvəllərində amerikalılara cavab olaraq Kubada strateji hücum silahları yerləşdirildi. Məlum olduğu kimi, ABŞ qarşıdurmanı bir az da qızışdırdı: döyüş gəmilərini bir yerə cəmləşdirdi, adanı dəniz mühasirəsinə aldı və hətta tam müdaxilə planı hazırladı. Bu böhran tarixə "Karib böhranı" adı ilə düşdü.
Böhranla bağlı iki əsas məqam var.
Birincisi, uzunmüddətli cavab – bu yalnız ABŞ sahillərində raketlərin peyda olması ilə bağlı deyil. Hər şeydən əvvəl güc nümayişi və daha da əhəmiyyətlisi, Qərb ölkələri tərəfindən qısa müddətdə dünyanın hər hansı bir yerinə hərbi baza yerləşdirmək üçün dövlətimizin infrastruktur imkanlarını göstərmək cəhdi idi.
İkincisi, vəziyyətin müharibənin astanasına qədər gəlib çıxması idi ki, durumu ayıq qiymətləndirən, uzlaşmağın müdrikliyini qəbul edən və bu səbəbdən də güzəştə getməyə hazır olan iki super dövlətin liderləri sayəsində bundan yayınmaq mümkün oldu.
Liderlər hansısa məqamda birbaşa ünsiyyət qurur, bəzən də buna ehtiyac görmürdülər, ancaq hər bir halda, SSRİ ilə ABŞ arasında təhdid və ultimatum dili ilə gerçəkləşdirilməyən bərabərhüquqlu dialoq mövcud idi. Karib böhranının həll olunmasından sonra bütün XX əsr boyunca heç vaxt iki ölkə arasında münasibətlər bu qədər gərginləşməmişdi. Çünki hər iki ölkə baş verənlərdən dərs çıxarmışdı: beynəlxalq problemlərin həllində əməkdaşlıq qarşıdurmadan üstündür.
Ancaq bu gün vəziyyət bir qədər fərqlidir: ABŞ qeyri-sabit xarici siyasət yürütməyə başlayıb. Bu, İranla nüvə anlaşmasından imtina olunmasında, ABŞ-ın Açıq Səma Müqaviləsindən və bir sıra başqa razılaşmalardan çıxmasında, nəhayət, yeni prezidentin ritorikasında özünü göstərdi.
Yeni strateji reallıq - Vaşinqtonun xarici siyasətindəki qeyri-sabitlik - həm daxili səbəblərdən, həm də ABŞ-ın Qərb dünyasının lideri kimi nüfuzunun müəyyən dərəcədə azalmasından qaynaqlanır.
Amerika rəhbərliyinin yeni taktikası bir tərəfdən dialoqa ehtiyac olduğunun siqnalını vermək, digər tərəfdən təzyiqi artırmaqdır. Yeni administrasiya demokratların seçki vədlərini yerinə yetirməsindən, yeni siyasi kursun müəyyənləşdirilməsindən və yeni komandada qərarların qəbul edilməsində birliyin olmamasından, Amerika "missionerliyindən" dəm vura bilər. "Hər zaman haqlıyıq, bizə itaət etməyə məcbursunuz". Tərəfdaşlar və rəqiblər isə bu kursu elə belə də qəbul etməli, hətta aldıqları "dərs"ə görə minnətdar olmalıdırlar.
Aydın məsələdir ki, SSRİ ABŞ tərəfindən bərabərhüquqlu rəqib kimi qəbul edilirdi və şübhəsiz ki, onun rəyi ilə hesablaşmalı idi.
Bu, qorunub-saxlanması üçün beynəlxalq təşkilatlar sisteminin qurulduğu tərəflərin hərbi-siyasi paritetlərindən, eləcə də, iki hərbi blokun (NATO və Varşava Paktı) mövcudluğundan irəli gəlirdi.
Ancaq SSRİ-nin dağılmasından sonra bu paritet bir müddət yoxa çıxdı. ABŞ dünyada heç bir ölkənin nəinki onunla müqayisə edilə biləcək gücə sahib olmadığı, hətta belə bir gücə sahib olmaq üçün hipotetik bir hüquqa malik olmadığı koordinat sistemində on il yarım yaşayandan sonra, sadəcə olaraq, bərabərhüquqlu dialoq vərdişini itirdi.
ABŞ-ın yeni administrasiyasının bu ölkənin dünya hökmdarı və kollektiv Qərbin müdafiəçisi mövqeyini bərpa edərək (və eyni zamanda özünü buna inandıraraq) dünyada hər hansı bir dövlətin infrastruktur imkanlarına və hərbi gücə sahib olmaq baxımından onunla müqayisə edilə biləcək siyasi potensiala malik olduğunu etiraf etməyə gücü çatmır. Məsələn, Çin və ya Rusiya kimi.
Ortaya belə bir sual çıxır: mövcud Amerika rəhbərliyi keçən əsrin 60-cı illərindəki Kuba raket böhranında iştirak edən ölkələrin liderlərinin uzlaşmaya gəldiyi kimi kompromisə getmək müdrikliyinə sahib ola biləcəkmi?
Putindən dünyaya sərt xəbərdarlıq: "Peşman olacaqlar">>
Bəs vəziyyət həddən artıq gərginləşəndə problemin həllinə nə kömək edə bilər?
Belə məqamların sayı üçdür.
Birincisi, "həlledici qərar"ların dəyərini anlamaq. Əgər qələbədən gələn zərər qalibin gələcək mövcudluğu məsələsini gündəmə gətirəcək qədər böyükdürsə, deməli, bu heç qələbə deyil.
İkincisi, birbaşa əlaqə. Söhbət telefon əlaqəsindən deyil, açıq danışa bilmək imkanından və ən əsası, həmsöhbətini dinləmək, onun məntiqini, arqumentini anlamaq qabiliyyətindən gedir.
Və üçüncüsü, ən əsası – yalnız kompromislərin vacibliyini başa düşmək deyil, həm də bu uzlaşmaya getməyə hazır olmaq. Dialoqu dalana dirəyən ultimatum və kobudluqdan imtina etməyə hazır olmaq.
Odur ki "Rusiya buna görə cavab verəcək" şəklində ritorika hər nə qədər amerikansayağı səslənsə də, münasibətləri dalana dirəyir. Bu tuneldən isə çıxış yolu yoxdur. Və bu mantra heç kimə xeyir gətirməyəcək.