CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hansısa fikir və mövqe bildirməmişəm" - Siyavuş Novruzov təkzib verdi

"Bir daha sosial şəbəkə istifadəçilərini belə ləyaqətsizlərin və saxtakarların ucuz yalanlarına inanmamağa çağırıram" - millət vəkili.
Sputnik

BAKI, 23 aprel — Sputnik. "Hörmətli səhifə izləyiciləri, təəssüf hissi ilə bildirmək istəyirəm ki, sosial şəbəkələrdə Hüseynbala Mirələmovun yayılmış videogörüntüləri ilə əlaqədar mənim adımdan hansısa “fikir”lər tirajlanır. İddia olunur ki, guya həmin sözlər mənə məxsusdur. Qətiyyətlə bildirirəm ki, mən bu məsələ ilə əlaqədar hansısa fikir və mövqe bildirməmişəm". Millət vəkili Siyavuş Novruzov bu barədə özünün rəsmi "Facebook" səhifəsində müraciətində qeyd edib.

O bu kimi halları ikrahla qarşıladığını bildirib: "Bəzi "Facebook" istifadəçilərinin bu cür saxtakar əməllərini ikrah hissi ilə qarşılayıram. Xatırladıram ki, belə hərəkətlər vasitəsilə barəmdə qıcıq yaradılmağa çalışılması ləyaqətsizlikdir və hüquqi məsuliyyət doğurur. Belə uydurma məlumatlar yayanlar, qarayaxma kampaniyası aparanlar çirkin əməllərinə davam edəcəkləri halda, qanun qarşısında cavab verəcəklər". 

"Bir daha sosial şəbəkə istifadəçilərini belə ləyaqətsizlərin və saxtakarların ucuz yalanlarına inanmamağa çağırıram", - deyə millət vəkili bildirib.