CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha qorxulu deyil: Quba şəhərində aktual problemi belə həll etdilər - FOTO

"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi" - Ziyəddin Əliyev.
Sputnik

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Respublikamızda sahibsiz itlər məsələsi hər zaman gündəmdə olub və böyük problemlərdən sayılır. Paytaxtda və bölgələrdə addımbaşı sahibsiz itlərə rast gəlmək mümkündür. Şimal bölgəsində ilk dəfə olaraq rayon rəhbərliyi tərəfindən bu cür heyvanlar üçün sığnacaq yaradılıb. 

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu gün Qubada "Faithful friend"- "Sadiq dost" adlanan heyvan sığınacağı istifadəyə verilib. Quba İH başçısı Ziyəddin Əliyev, İsrail dövlətinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Doron Peer, Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov, mətbuat nümayəndələri tədbirdə iştirak ediblər.

İsrailli qonaq Doron Peer çıxışında Azərbaycanın bölgəsində belə bir heyvan yuvasının açılmasını çox təqdirəlayiq hal hesab edib, hətta təəccübləndiyini də gizlətməyib.

"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi. Quba şəhər bələdiyyəsinin sədri Humay Məmmədova bu təklifi verəndə dərhal razılaşdım. Tezliklə işə başlanıldı, hazırda iyirmi sahibsiz it bu sığınacaqda yerləşdirilib", - Z.Əliyev bildirib.

Daha qorxulu deyil: Quba şəhərində aktual problemi belə həll etdilər - FOTO

Fərid Mansurov da Qubada sahibsiz heyvanların sığınacağının açılmasını yüksək dəyərləndirib və Qubanın bu təcrübəsinin bütün rayonlarda yayılaraq həyata keçirilməsini məqsədəuyğun sayıb.

Ümidvarıq ki, bu gündən Qubada küçələrdə sahibsiz itlərə rast gəlinməyəcək və insanlar qorxusuz hərəkət edə biləcəklər. Həm itlərin həyati təhlükəsi aradan qalxacaq, həm də insanların.