TƏHLİL

ABŞ bütün müharibələri nəyə görə uduzur

ABŞ Hesablama Palatası son 20 ildə bir neçə regional münaqişədə iştirak üzündən ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının azaldığını təsdiq edib.
Sputnik

BAKI, 23 aprel — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ-ın Hesablama Palatası ölkənin silahlı qüvvələrinin döyüş hazırlığını itirdiyini etiraf edib. Qərbdə Pentaqonun Əfqanıstan, İraq və digər inkişaf etməkdə olan ölkələrdə "sonsuz" müharibələrdə uduzmasının səbəblərini anlamağa çalışırlar. Paradoks ondadır ki, ABŞ-ın ildə 700 milyard dollardan çox olan hərbi büdcəsi uğura zəmanət vermir. Pulun "ordunun əzələsi" adlandırılmasına rəğmən, hərbi qələbəni dollarla almaq mümkün deyil.

Rusiyanın Xəzər, Baltik və Şimal donanmalarının gəmiləri Qara dənizə nə üçün göndərilib

ABŞ Hesablama Palatası son 20 ildə bir neçə regional münaqişədə iştirak üzündən ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının azaldığını təsdiq edib, əslində isə Pentaqonun son 75 ildə (1945-ci ilin mayında faşist Almaniyası üzərində ümumi qələbədən sonra) üçüncü dünya ölkələrində apardığı müharibələrin hamısını uğursuz hesab etmək olar.

Mütəxəssislərin fikrincə, potensial düşmənlərin güclənməsi üzündən ABŞ-ın sözsüz hərbi üstünlüyü artıq itirilib. Həm də bu "üstünlük" istənilən müstəvidə - həm dənizdə, həm havada, həm də kosmosda itirilib. Guya ki, "Yerdə" işlər daha yaxşıdır. Lakin ABŞ qoşunlarının Əfqanıstandan (taliblərin təzyiqi altında) biabırçı şəkildə çıxarılması məsələnin başqa cür olmasından xəbər verir.

Analitiklər hesab edirlər ki, ABŞ HDQ-nin yüksək döyüş hazırlığının bərpası istiqamətində əsas maneə planetin müxtəlif nöqtələrində yerləşmə imkanlarının azalması və texniki xidmətin çətinləşməsidir. Guya ki, dünyanın onlarla ölkəsində Pentaqonun yüzlərlə bazası bütün qoşun növləri və döyüş texnikasının yerləşdirilməsi üçün ideal şərait yaratmır. Ehtimal ki, döyüş hazırlığına kiçik müharibələr silsiləsi, yəni tədricən Pentaqonun yüksək texnologiyalara malik düşmənin olmadığı döyüş şəraitinə öyrəşməsi ziyan vurur.

ABŞ siyasətçiləri mütəmadi olaraq ölkənin dünyanın nəhəng dövlətləri arasında qlobal liderliyinin qorunub saxlanması üçün silahlı qüvvələrin potensialını artırmağa çağırışlar edirlər. Pentaqonun büdcəsi artıq çoxdandır ki, ildə 700 milyard dolları ötüb, lakin bu fakt heç bir nəticəyə zəmanət vermir. Super bahalı F-35 layihəsi ($1,5 trilyon) bunu bir daha sübut edir. Belə ki, adı çəkilən təyyarənin müharibəyə hazır olmaması rəsmən etiraf edilib. Rusiya və Çinin qarşısının alınması üçün əlavə $715 milyard vəsaitin ayrılması da vəziyyəti dəyişməyəcək. Çünki Moskva və Pekin müdafiə sistemlərini şüurlu kafilik prinsipi əsasında quraraq silahların keyfiyyətcə üstünlüyünə çalışırlar.

SIPRI mütəxəssislərinin qiymətləndirməsinə görə, Rusiya ən yüksək müdafiə xərcləri olan ölkələr arasında dördüncü yerdədir. İstənilən halda mütləq rəqəmlərə baxdıqda Moskvanın müdafiəyə Vaşinqtondan 10 dəfə az pul xərclədiyini görərik. Çinin müdafiə xərcləri isə ABŞ-ın müvafiq xərclərindən, demək olar ki, 4 dəfə azdır.

Əfqanıstan sindromu

ABŞ və NATO-nun hərbi kontingentləri Əfqanıstanı Talibanla alçaldıcı sülh sazişi (29 fevral 2020) əsasında tərk edirlər. Həm də İslam respublikasının planetdə ən böyük terrorçu və mücahid bazasına çevrilməsi təhlükəsi qalmaqdadır. Pentaqon hansısa kompensasiya xarakterli tədbirlər "icad etməyə" çalışır və "The New York Times" məcmuəsinin məlumatına görə, "müttəfiqləri ilə qoşunların Tacikistan, Qazaxıstan və Özbəkistana köçürülməsini müzakirə edir". Müvafiq dövlətlərarası razılıqlar əldə olunacağı təqdirdə (bu az ehtimal olunur) hadisələrin necə cərəyan edəcəyini demək asandır.

Amerikalıların Əfqanıstandan çıxarılmasına taliblər rəhbərlik edir

Əgər amerikalılar və onların müttəfiqləri taliblərin və "Əl-Qaidə"nin dəstələrini mütəmadi olaraq Mərkəzi Asiya ölkələri ərazisindən bombalamağa başlasalar, o zaman əfqan yaraqlıları hökmən ABŞ-ın həmin ölkələrdəki bazalarına qarşı "cihad"a başlayacaqlar.

Əfqan mənşəli avstraliyalı professor Amin Saykal aprelin 21-də "ASPI Strategist" saytında maraqlı fikirlər irəli sürüb: "İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatlar inkişaf etməkdə olan ölkələrdə apardıqları müharibələrin, demək olar ki, hamısını uduzublar. Bu fiasko nəhəng dövlətin asimmetrik münaqişələri həll edə bilmək qabiliyyətinin olmamasını təcəssüm etdirir. ABŞ-ın ilkin məqsədlərə çatmadan imtina etdiyi son müharibə Əfqanıstandakı 20 illik münaqişədir. Bu addımın Əfqanıstan, region və NATO-nun nüfuzu üçün potensial fəlakətli nəticələrini düzgün qiymətləndirməmək olmaz".

Həqiqətən də, amerikalılar terrorçu taliblərə qalib gələ, 2001-ci ildə söz verdikləri kimi, Əfqanıstanı sabit, təhlükəsiz, çiçəklənən demokratiyaya çevirə bilmədilər. Bunun əvəzində özlərindən sonra əvvəllər Cənubi Vyetnam və İraqda olduğu kimi, darmadağın edilmiş ölkə qoyub gedirlər. Professor Saykal xatırladır ki, ABŞ və müttəfiqləri burada 3502 hərbi qulluqçu (onlardan 2300-ü amerikalıdır) itiriblər. Minlərlə hərbi qulluqçu yaralanıb, müharibə $2 trilyona başa gəlib.

Əfqan xalqının itkiləri daha da çoxdur. İyirmi il ərzində həlak olmuş dinc sakin, hərbçi və polislərin sayı 100 min nəfəri keçib. Lakin tarix heç nə öyrətmir və bu gün Vaşinqton hərbi vasitələrlə Moskva və Pekinin qarşısını almağa çalışır. Beləliklə də ABŞ öz ərazisini Əfqanıstanın Registan səhrasının halına salmaqdan qorxmur.

"Kütbeyin" siyasət

Bir qədər əvvəl Rusiyanın mdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nun aktiv şəkildə Rusiyanın Avropa sərhədləri yaxınlığına qoşun topladıqlarını bildirib - əsas qüvvələr Qara və Baltik dənizləri regionlarında cəmləşib. Burada ümumilikdə 40 min hərbi qulluqçu və 15 min ədəd hərbi texnika, o cümlədən strateji bombardmançılar da var. Bəs "tərəfdaşlar" Rusiyaya qarşı bu cür qıcıqlandırıcı hərəkətlərdən hansı nəticələr gözləyirlər? Rusiya XİN rəhbəri Sergey Lavrovun qənaətinə görə, bu, "kütbeyin" siyasətdir. Nəticə isə tamamilə qanunauyğundur – Pentaqon və onun müttəfiqlərinə növbəti dəfə Şərqi Avropada "qırmızı xətt"in yeri sərt şəkildə göstərilib. Burada Rusiya ancaq xırda iyrənclikləri bağışlaya bilər.

Alim və prezident Ronald Reyqanın xarici siyasət üzrə keçmiş köməkçisi Duq Bendou aprelin 20-də nüfuzlu "The American Spectator" məcmuəsində yazıb: "ABŞ bir neçə "sonsuz müharibədə" iştirak edib və onlardan heç biri ölkə üçün ekzistensial təhlükə kəsb etmirdi. Bu ona görə baş verirdi ki, Amerikanın rəqiblərindən heç biri Rusiya kimi ciddi hərbi gücə, yaxşı təlim görmüş konvensional silahlı qüvvələrə və geniş nüvə potensialına malik dövlət deyildi. Razılaşaq ki, ABŞ və Avropa rəsmiləri özlərini çox düşüncəsiz aparıblar və bu, xüsusilə də Gürcüstan və Ukraynanın NATO-ya qəbul olunması planlarına aiddir".

ABŞ bu cür tarixi səhnələrin öz milli maraqları sferasına daxil olan Qərb yarımkürəsində baş verməsinə imkan verməzdi (Kanada və ya Meksikanın Varşava müqaviləsinə və ya KTMT-yə qəbul olunması). Moskva da Rusiya sərhədləri yaxınlığında, postsovet məkanında düşmən dövlətlərin "ekzistensial" mövcudluğu ilə heç vaxt barışmaz (Baltikyanı ölkələr qorxmaya bilərlər, sadəcə xarisi siyasətdə düzəlişlər etmək lazımdır). Rusiyanın əlində hərbi təhlükələri neytrallaşdırmaq üçün effektiv alətləri var.

"Qəddafi bunu bilirdi": NATO Liviyada nələr törədib

Bu gün Ukrayna sərhədləri yaxınlığında Rusiyanın konvensional qoşun bölmələrinin – 100 000 hərbi qulluqçu, 1300 tank və artilleriya qurğusu, 380 raket qurğusu və 3700 PUA" cəmləşməsi təsadüfi deyil.

Qeyd edək ki, "The American Spectator" məcmuəsinin gətirdiyi bu rəqəmlər bir qədər şişirdilmiş görünsə də, mahiyyəti düzgün ifadə edir – yüksək texnologiyalara malik Rusiya qoşunları ilə hipotetik münaqişədə Pentaqon və NATO Ukraynada ciddi məğlubiyyətə uğrayacaqlar. Həm də bu Əfqanıstanda olduğundan daha tez baş verəcək. "Tərəfdaşlar" taktiki nüvə silahını tətbiq edəcəyi təqdirdə isə (ABŞ ordusunun taktiki dərsliklərində bu cür abzaslar var) "cavab" ABŞ və digər münaqişə iştirakçılarının ərazisinə hipersəs sürəti ilə gələcək. "Böyük Amerika" müvafiq özünü qoruma instinktinə sahib olmalı və "prioritetləri düzgün seçməlidir".

"The American Spectator" jurnalı belə bir sevindirici qənaətə gəlib. Əgər Şimali Atlantika alyansının əsas məqsədi xeyriyyəçilik deyil, təhlükəsizlikdirsə, orada nüvə dövləti ilə münaqişə aparan ölkə olmamalıdır: "Ukrayna - özünü qətiyyətli nüvə dövləti ilə müharibə riskinə atmağa dəymir".