BAKI, 20 aprel — Sputnik. Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsindəki daş karxanasının fəaliyyəti dayandırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Ekspert saatı"nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, karxananın fəaliyyəti dayandırılacağı vaxt müəyyən edilməyib: "Daş karxanasında irəli sürə biləcəyimiz tələblər mütərəqqi texnologiyadan, avadanlıqlardan istifadə etməklə tozun qarşısını almaq, minumum tullantıya nail olmaqdır. Daş karxanası bu gün də sənaye zonası kimi sahibkarlar tərəfindən istismar olunur. Düşünürəm ki, mövcud olan ehtiyatlar tükənmək üzrədir, eyni zamanda ətraf ərazilərdə yaşayış massivləri getdikcə çoxalır. Şəhərsalma, şəhərin baş planı baxımından müvafiq qurumlar bunları nəzərə alırlar və alacaqlar".