İQTİSADİYYAT

Rəqəmsal manat iqtisadiyyatımıza nə verəcək

Millət vəkili deyib ki, əksər inkişaf etmiş ölkələrdə rəqəmsal valyutanın yaradılması ilə bağlı işlər sürətlənib: "Xüsusən kriptovalyutalara marağın artması və onların bazarda payının çoxalması rəqəmsal milli valyutaların yaradılmasına yeni tələb formalaşdırıb"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyutanın yaradılması istiqamətində işlərə başlayıb. Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə analiz və tədqiqat işləri görülür və qısa zamanda nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hazırda bir sıra ölkələrdə rəqəmsal valyutaların yaradılması məsələsi gündəmdədir.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əksər inkişaf etmiş ölkələrdə rəqəmsal valyutanın yaradılması ilə bağlı işlər sürətlənib: "Xüsusən kriptovalyutalara marağın artması və onların bazarda payının çoxalması rəqəmsal milli valyutaların yaradılmasına yeni tələb formalaşdırıb. Bu, yeni çağırışlardır. O baxımdan Mərkəzi Bank tərəfindən bu çağırışlara uyğun olaraq tədqiqatların aparılması və növbəti dövrdə Azərbaycanda da rəqəmsal valyutanın yaradılması ilə bağlı işlərin genişləndirilməsi məqsədəuyğun olardı. Mərkəzi Bank bir neçə il öncə ilk dəfə olaraq kriptovalyutaların, o cümlədən bu istiqamətdəki texnologiyanın öyrənilməsi və rəqəmsal valyutanın işlənmə imkanlarının təyin edilməsi məsələlərini öz pul-kredit siyasətinə daxil edib. Bu da ondan xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı da müasir çağırışlara uyğun olaraq gələcəkdə Azərbaycanda rəqəmsal milli valyutanın yaradılması imkanlarını nəzərdən keçirir".

Professor: “Kripto valyutaya etibar yoxdur və ən etibarsız valyutadır”

Deputat bildirib ki, rəqəmsal valyutaya növbəti illərdə ehtiyacın olacağı gözlənilir: "Azərbaycanda müasir çağırışlara uyğun olaraq rəqəmsal valyutanın yaradılması istiqamətində Mərkəzi Bank öz işlərini davam etdirməlidir. Bu da vacib məqamlardan biridir. Hazırda bəlkə də rəqəmsal valyutanın yaradılmasına ciddi ehtiyacın olmadığı görünə bilər. Amma növbəti dönəmdə və xüsusən də növbəti illərdə rəqəmsal valyutaya ehtiyac daha yüksək olacaq. O baxımdan Mərkəzi Bankın da məhz bu çağırışlara hazır olması olduqca vacibdir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə rəqəmsal valyutanın emissiya edilməsi və dövriyyəyə buraxılması artıq zərurətdir: "Çünki dünya iqtisadiyyatında mövcud olan trendlər və çağırışlar valyuta emissiyası baxımından rəqəmsallaşmanı vacib edir. Biz görürük ki, pul kütləsinin effektiv idarəolunması ilə bağlı rəqəmsal texnologiyalar olduqca mütərrəqi yanaşmaları göstərir. Bu prosesdən Azərbaycanın kənarda qalması ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyi baxımından ciddi problemlərə səbəb ola bilər. Burada ən önəmli məqam odur ki, bu valyutanın tətbiq edilməsi xaotik şəkildə olmamalıdır, dövlət bunu effektiv idarəetməlidir".

"Məhz dövlətin effektiv şəkildə emissiya və idarə etdiyi rəqəmsal valyuta ölkədə investisiyaların kəskin şəkildə artırılmasına, bu investisiyaların təyinatı üzrə dəqiq və effektiv istifadə olunması üçün şəraitin yaradılmasına xidmət edə bilər. Ona görə də mütləq şəkildə rəqəmsallaşma valyuta emissiyası baxımından reallaşdırılmalıdır. Bu, şəffaflığa və operativliyə xidmət edəcək. Müəyyən çağırışlar var və bu çağırışlar onunla bağlıdır ki, tədricən rəqəmsallaşmaya doğru maliyyə infrastrukturun inkişafı iş yerlərinin müəyyən qədər müxtəlif seqmentlər üzrə azalmasına səbəb ola bilər. Eyni zamanda kibertəhlükəsizlik ilə bağlı müəyyən problemlər çıxa bilər. Amma bu problemləri həll etmək mümkündür", - deyə professor əlavə edib.