CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nadir Qafarzadə: "İnsanlara tövsiyəm odur ki, "kupça"sız heç tövlə belə almasınlar"

"Evim məndən əlavə Türkiyə vətəndaşı və bir neçə nəfərə satılmışdı. Həmin şirkətin tikdiyi dörd binanın hamısında problemlər var idi".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Müğənni Nadir Qafarzadə dələduzluğa məruz qalıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən sənətçi insanları ev alarkən son dərəcə diqqətli olmağa çağırdı: "2011-ci ildə ev aldım. Aləm qarışdı, binanı tikən şəriklər ayrıldılar. Problemləri bir-birinin üstünə atdılar. Evim məndən əlavə Türkiyə vətəndaşı və bir neçə nəfərə satılmışdı. Həmin şirkətin tikdiyi dörd binanın hamısında problemlər var idi. Ev sahibləri arasında çaxnaşma oldu, hətta infarkt keçirən də olmuşdu. Məsələni qanun çərçivəsində həll etmək qərarına gəldim. Son bir ildə qərar çıxdı ki, bütün evlər sənədləşməlidir. Gördüm ki, bizi uzun illərdir aldadırlarmış".

"İnsanlara tövsiyəm odur ki, "kupça"sız heç bir tövlə belə almasınlar. 10 il əvvəl hər şeyə inanırdım. 10 il əvvəl yeni-yeni başlamışdı belə ev alqı-satqısı. O zamanlar düşünürdüm ki, nə var ki burada? Pulumu verib alıram. Aldanacağım ağlımdan belə keçməzdi. İndi isə heç öz doğmama belə etibar etmirəm".

Qafarzadə gec də olsa istədiyinə nail ola bilib: "Sonda mənzilimin sənədini ala bildim. İndi həmin binada 70 insan yaşayır. Mən də hazırda orada qalıram. Bu problem təkcə mənim yox, Əməkdar artist Lalə Məmmədova və Rəhim Rəhimlinin də başına gəlib. Onlar da həmin şirkətdən ev alıblar. Lalə xanımın problemi həll olunub, Rəhimdən isə xəbərim yoxdur. Dələduzlara qulaq asmayın, dövlət idarələri ilə məsələni həll edin".