CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müslümlə Rəşiddən ilhamlanan ukraynalı müğənni Bakını ziyarət etmək arzusundadır - VİDEO

Ukraynalı müğənni Oleksandr Yakimets nəinki yaşlı nəsil Azərbaycan müğənnilərinin, həmçinin gənc müğənnilərimizin də mahnılarını ifa edir.
Sputnik

BAKI, 20 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın əfsanəvi müğənniləri olan Rəşid Behbudov və Müslüm Maqomayev müxtəlif ölkələrdən olan ifaçılar üçün nümunə olaraq qalır. Onlardan biri də ukraynalı müğənni, bir çox beynəlxalq müsabiqələrin qalibi Oleksandr Yakimets nəinki korifey sənətkarların repertuarından mahnıları ifa edir, həmçinin görkəmli Azərbaycan vokalçılarının xatirəsinə həsr olunmuş tədbirlər də keçirir.

Əslən Ukraynanın Dnepropetrovsk vilayətindən olan Oleksandr Yakimets Qlinka adına Dnepr musiqi məktəbinin "Akademik ifaçılıq" fakültəsini bitirərək əvvəlcə kiçik mütəxəssis, daha sonra bakalavr və magistr diplomuna yiyələnib. Dnepr Estrada Teatrının bədii rəhbəri olan Yakimets həm də şəhər 1 saylı musiqi məktəbində gənc nəslin yetişdirilməsi ilə məşğuldur.

Öz doğma şəhərində tez-tez Müslüm Maqomayev və Rəşid Behbudovun xatirəsinə konsertlər təşkil edən müğənni nə vaxtsa Bakını ziyarət etmək arzusundadır.

"Öz peşəsinin vurğunu olan bir insan kimi mənim üçün yeni-yeni musiqi yaradıcılıqlarını, xüsusilə də vokal yaradıcılığını kəşf etmək maraqlıdır. Bununla əlaqədar olaraq mən bir çox azərbaycanlı ifaçıların – Müslüm Maqomayev, Bülbül, Sona Aslanova və Rəşid Behbudovun yaradıcılığı ilə maraqlanmışam. Onların hər biri böyük şəxsiyyətdir", - deyə Yakimets Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Müğənninin sözlərinə görə, Azərbaycanın musiqi irsi çox zəngindir. İfaçı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1913-cü ildə qələmə aldığı "Arşın mal alan" operettasını çox sevir. Belə ki, hələ tələbəlik illərində Yakimets operettaya dəfələrlə tamaşa edib və təkcə musiqiyə, yumora deyil, həmçinin operettada baş rolu ifa edən Rəşid Behbudovun səsinə də valeh olub.

"Bir tenor kimi mən Rəşid Behbudovun unikal, lirik səsinin gözəlliyini, yüngüllüyünü qiymətləndirməyə bilməzdim. Mən o zaman heç düşünməzdim ki, vaxt gələcək və 2016-cı ildə, elə bu məşhur müğənninin yüz illiyində onun və Müslüm Maqomayevin xatirəsinə Dnepr şəhərində konsert keçirəcəyəm. Həmin tədbir çox yüksək səviyyədə keçdi. Maqomayevi bütün dünya tanıyır. Rəşid Behbudov isə haqsızcasına yaddan çıxarılıb. Lakin "İlk sevgi mahnısı", "Sevgilim", "Dağ yolları ilə", "Qeyri-adi gözlər" kompozisiyalarını unutmaq mümkün deyil. Buna görə də ideya və imkan yaranan kimi biz Dnepr estrada teatrının kollektivi ilə birlikdə maksimum gücümüzü səfərbər edərək Dnepr şəhər sakinlərinə bu cür möhtəşəm musiqidən gözəl təəssürat əldə etmək imkanı yaratdıq", - deyə Yakimets bildirib.

Müğənni qeyd edib ki, öz konsertlərində nəinki "Sevgilim", "Qeyri-adi gözlər", "Bir qıza rast gəldim" kompozisiyalarını tez-tez ifa edir, həm də teatrda qoyulan musiqili səhnəciklərdə də onlardan istifadə edir.

Əfsanəvi Azərbaycan müğənnilərindən başqa, Yakimets cavan nəslin mümayəndələri, məsələn, Əzizə Mustafazadə, Emin Ağalarov, Samir Cavadzadə, Səbinə Babayevanın da yaradıcılığı ilə tanışdır.

"Mən zamanla ayaqlaşan insanam. Lakin mənə elə gəlir ki, əvvəlki estrada indikindən bir addım irəlidə olub. Mən nümunə gətirib müasir estrada müğənnilərini müqayisə etməyəcəyəm. Əlbəttə, yaxşı mahnılar var. Amma XX əsrin estradası əbədi yaşayacaq. Onda hər şey - poeziya, ahəngdarlıq, ruh, melodiya və digər başqa müsbət cəhətlər var. Hər bir mahnı öz-özlüyündə bir şedevrdir. Hər bir kompozisiya bir mini-tamaşadır və möhtəşəm özünüifadə tərzidir", - deyə Yakimets bildirib.

Müğənni hələ ki, Bakıda olmadığını bildirib. Onun sözlərinə görə, uzaq 2016-cı ildə öz həmkarı ilə birlikdə R.Behbudov və M.Maqomayevin xatirəsinə həsr olunmuş konserti "Bakı, şəhərim mənim" mahnısı ilə başlayıb və hesab edir ki, məhz bu kompozisiya Azərbaycan paytaxtını tam tərənnüm edir.

Oleksandr Bakını ziyarət etmək və buradakı dostları ilə görüşmək arzusundadır.