RUSİYA

Navalnı xəstəxanaya yerləşdirildi

Hazırda blogerin vəziyyəti qənaətbəxş hesab olunur və o, hər gün terapevtin müayinəsindən keçir. Pasiyentin razılığı əsasında ona vitamin terapiyası təyin olunub.
Sputnik

 

BAKI, 19 aprel — Sputnik. Bloger Aleksey Navalnı Pokrovdakı koloniyadan Vladimirdəki məhkumlar üçün regional xəstəxananın stasionar şöbəsinə köçürülüb. Bu qərar həkimlərdən ibarət komissiya tərəfindən verilib. Bu barədə RİA Novosti Rusiya Federal Penitensiar Xidmətinin Vladimir vilayəti üzrə mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Rusiya Federal Penitensiar Xidmətinin Ulyanovsk vilayəti üzrə İdarəsinin 3 saylı islah koloniyasının həkimlər komissiyası A.Navalnının Federal Penitensiar Xidmətin ərazisində yerləşən məhkumlar üçün xəstəxananın stasionar bölməsinə köçürülməsi barədə qərar qəbul edib. Sözügedən tibb müəssisəsi həm də bu cür xəstələrin dinamik müşahidəsi üzrə ixtisaslaşıb", – deyə məlumatda qeyd olunur.

O da bildirilir ki, hazırda Navalnının vəziyyəti qənaətbəxş hesab olunur və o, hər gün terapevtin müayinəsindən keçir. Pasiyentin razılığı əsasında ona vitamin terapiyası təyin olunub.

Qeyd edək ki, həbsxanada olan bloger Aleksey Navalnı bir qədər bundan əvvəl "dəvət olunan həkimin içəri buraxılmasını tələb edərək" aclıq aksiyasına başlamışdı. Hüquq müdafiəçiləri blogerin ayağında və belində ağrıların olduğunu bildirmişdilər. Lakin Rusiya Federal Penitensiar Xidmətindən qeyd etmişdilər ki, müayinənin nəticəsinə əsasən ona lazımi tibbi yardım göstərilib və səhhəti qənaətbəxşdir.