CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotiki taksidə daşıyan kişi tutuldu

Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan “tiryək” dövriyyədən çıxarılıb.
Sputnik

BAKI, 19 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz Paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıblar. Bu barədə DİN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

SOS: Bakıda narkotikləri və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır

Qeyd olunub ki, üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovun üzərindən çəkisi 17.481 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “KİO-RİO” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan “heroin” və 5 kq 600 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı P.Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyini və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan “tiryək” dövriyyədən çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd polietilen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan “tiryək” aşkar edilirək götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.