CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbçi olmağı universitet diplomundan üstün tutan qazimiz - FOTO

Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Vətən müharibəsində Suqovuşanın azad olunması istiqamətində döyüşlərdə yaralanan igidlərimizdən biri leytenant Kamil Hüseynovdur. O, YAŞAT Fondu tərəfindən Türkiyədə müalicə edilən qazilərimizdəndir. Vətən müharibəsində 3 medalla təltif olunan 27 yaşlı gənc zabitimiz sağaldıqdan sonra yenidən ordu sıralarına qatılaraq xidmətini davam etdirmək arzusundadır.

Kamil Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Hərb sahəsinə olan marağı onu bu sahəyə yönəldib. Qiyabi təhsil aldığı müddətdə öncə ordu sıralarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edib. Daha sonra isə zabit kursunu bitirərək motoatıcı ixtisası üzrə leytenant rütbəsi alaraq taqım komandiri kimi xidmətini davam etdirib. Vətən müharibəsində ilk gündən döyüşlərə atılan Kamil Suqovuşanın azad olunması tapşırığının yerinə yetirilməsində iştirak edib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Kamil Hüseynov yaralanmasına baxmayaraq döyüşü sonadək davam etdirdiyini, taqımının döyüş ruhuna təsir etməməsi üçün son məqamadək onu gizlətməyə çalışdığını deyib: “Döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Rütbəsindən asılı olmayaraq hamı döyüşə can atırdı. Bütün döyüşçülər qisas hissi ilə alışıb-yanırdılar. Ona görə ancaq irəli getməyi düşünürdük. Düşmən də çox güclü müdafiə qurmuşdu. Lakin biz irəlilədikcə qarşımızda dayana bilməyib geri çəkilirdilər. Çəkildikdən sonra isə tərk etdikləri mövqələri aramsız artilleriya atəşinə tuturdular. Hər müdafiə səddini əsgərlərimizin igidliyi sayəsində alırdıq. Düşmən postlarının birinin alınması zamanı yaxın məsafədən döyüşdə mən də yaralandım”, - deyə o bildirib.

Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.

Kamilin atası Dursunəli Hüseynov deyir ki, oğlunun kiçik yaşlarından hərb sahəsinə marağı olub. Onun bu istəyinə çatması üçün isə valideyn olaraq Kamilə dəstək olublar. O, uşaq vaxtından idmanla məşğul olan Kamilin karate növü üzrə nailiyyətləri olduğunu da söyləyib: “Müharibənin hər üzü var. Kamil hərbiyə qoşulandan çətinliklərin hər birini gözə almışdıq. Hər gün dua edirdik ki, müharibə tezliklə qurtarsın, Qarabağımız azad olsun, itkilərimiz az olsun. Kamilin də bu yolda zəhməti keçməsindən qürur duyuram. İstərdim ki, tezliklə sağalsın, yenə əvvəlki kimi öz missiyasını davam etdirsin. Mən onu həmişə dəstəkləyirəm”.

Hərbçi olmağı universitet diplomundan üstün tutan qazimiz - FOTO

Kamilin aldığı xəsarət ciddi olduğundan iki dəfə əməliyyat olunub. Yaşat Fondu tərəfindən Türkiyədə cərrahiyyə əməliyyatı olunan qazimizin müalicəsi aparılıb və bundan sonra da müalicəsinin davam etdiriləcəyi deyilib.

Ağstafa şəhərində Şıxəli Qurbanov küçəsində yaşayan, ailənin tək oğul övladı olan leytenant Kamil Hüseynov bu yaxınlarda ailə həyatı da qurub. Vətən müharibəsinin qalib qazisi 3 medalla – "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.