"Bakı Metropoliteni" işçilərin çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirdi

"Əməyin qiymətləndirilməsi və ödənilməsi zamanı əlavələrin verilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə imzalanmış Kollektiv müqavilənin şərtlərinə tam əməl olunur." - "Bakı Metropoliteni" QSC
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində COVID-19 pandemiyası şəraitində tətbiq edilən xüsusi karantin rejimi dövründə, o cümlədən sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə işçilərin işdən azad edilməsi halları olmayıb, eləcə də əmək haqlarının ödənilməsi ilə əlaqədar heç bir problem yaşanmayıb".

Bu barədə "Bakı Metropoliteni" QSC-dən işçilərin çıxarılması ilə bağlı şayiələr haqda Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, işçilərinin əmək haqları əməyin ödənilməsi vahid tarif cədvəlinə uyğun olaraq aparılır:

"Xüsusi vurğulamaq istərdik ki, əməyin qiymətləndirilməsi və ödənilməsi zamanı əlavələrin verilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə imzalanmış Kollektiv müqavilənin şərtlərinə tam əməl olunur. Nəinki pandemiya, həm də ondan əvvəlki dövrlərdə əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi ilə bağlı qaydalarda hər hansı dəyişiklik edilməyib. Başqa sözlə, əlavə və üstəliklər faktiki işlənilmiş vaxta mütənasib olaraq ödənilir və bu zaman xüsusi şərait, iş növbəsi üzrə, eləcə də Kollektiv müqavilədə nəzərdə tutulmuş digər hallar nəzərə alınır".

"Diqqətinizə çatdırırıq ki, "Bakı Metropoliteni" QSC-nin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə qəbul etdiyi qərarlara, tapşırıq və tövsiyələrə, eyni zamanda qəbul edilmiş müvafiq metodiki göstərişlərin tələblərinə uyğun qaydada işə cəlb olunurlar", - deyə qurumdan sorğuya cavab olaraq bildirilib.