BAKI, 18 aprel — Sputnik. Bu günlərdə millət vəkili Aqil Abbas yazıçı Çingiz Abdullayevin "Şəhid anası" medalının təsis edilməsi ilə bağlı təklifini parlamentdə səsləndirib. Millət vəkili bildirib ki, sovet dövründə də analar müəyyən ordenlə təltif olunurdu.
"Qəhrəman ana" ordeni var idi. Bu ordeni 10 uşağı olan analara verirdilər. Medalın müəyyən güzəştləri var idi. Niyə bu gün "Şəhid anası" medalı təsis edilməsin? Bu medalı olan analara hamı daha hörmətlə yanaşardı və daha yaxşı xidmət edilərdi”, - deyə millət vəkili çıxışında bildirib.
Şəhid Emin İsmayılovun anası Məlahət İsmayılova da yazıçı Çingiz Abdullayev və millət vəkilinin səsinə səs verənlər arasındadır. O, Sputnik Azərbaycan-a açıqlamasında bu təklifi müsbət dəyərləndirib:
"Analar üçün belə bir medalın təsis olunması mütləqdir. Balalarının adının tanınması, mənəvi cəhətdən onlara verilən qiymət analar üçün çox önəmlidir. Çünki o qəhrəmanı o ana yetişdirib deyə ona "Şəhid anası" medalı verilməlidir. O ana ki, övladını yetimçiliklə, heç kəsin qapısını döymədən, qapılarda işləyə-işləyə vətən sevgisi ilə böyüdüb. O oğul kirayələrdə böyüdü, vətənini qorumaq üçün təhsilini yarımçıq qoydu, səhhəti imkan verməsə də özü könüllü hərbi xidmətə getmək istədi və sonda, 44 günlük müharibədə torpaqlarımızı düşməndən geri alanlardan biri oldu, bununla da papağımızı göylərə qaldırdı. Bu oğulları vətənpərvərlik ruhunda böyüdən analara belə medalların verilməsinə böyük ehtiyac var".
"Bütün şəhid anaları bu medala layiqdirlər", - deyə həmsöhbətimiz əlavə edib.
Şəhidimiz Xudayar Yusifzadənin ailəsi də belə bir addımın atılmasını müsbət qiymətləndirir. Şəhidin dayısı Sirxan Məmmədov bu barədə Sputnik Azərbaycan-a açıqlamasında bildirib: "Şəhid anası" medalının təsis olunması həm şəhid analarına təskinlik olar, həm də onlara yüksək qiymət kimi dəyərləndirilə bilər".
Şəhid mayor Siyavuş Kəlbiyevin həyat yoldaşı Pərvanə Kəlbiyeva da bu addımı müsbət dəyərləndirir: "Belə bir medal təsis oluna bilər. Amma qeyd edim ki, onsuz da "Şəhid anası", "Şəhid atası" adlı sənədlər verilir".