Azərbaycan kinosunun səfiri son mənzilə yola salındı - Prezident və xanımı əklil göndərdi

Xalq artisti öz vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.
Sputnik

BAKI, 18 aprel - Sputnik. Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub. Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti öz vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib. Eldar Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.

Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub. Pandemiya ilə əlaqədar olaraq dəfn mərasiminə çox adamın qatılması ailəsi tərəfindən uyğun görülməyib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.

Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya aparılıb. Martın əvvəlində evə buraxılan sənətkarın səhhəti ağırlaşdığından bir müddət sonra özəl klinikaların birinə yerləşdirilmişdi.

Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

“O, böyük Tofiq Quliyevin davamçısı, övladıdır və təkcə Azərbaycanda məşhur deyil, onun filmlərini 50-60 ölkə alıb. Həmişə Azərbaycanın adını yüksək tutub, qeyrətli azərbaycanlı övladı olub. Biz uşaqlıqdan çox yaxın olmuşuq, mən qardaşımı, sənətkarımızı itirmişəm”.

Bu sözləri mərhumun vida mərasimində iştirak edən Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru Azərpaşa Nemətov deyib.

“Azərbaycan üçün ağır gündür. Bu bizim mədəniyyət, incəsənət, kinomuz üçün böyük itkidir", - deyə o, əlavə edib. 

Milli kinomuzu bütün dünyada tanıtdığı üçün Eldar Quliyevi "Azərbaycan kinosunun səfiri" adlandırırdılar.