BAKI, 17 aprel — Sputnik. Dünyada koronavirusa qarşı ən çox peyvənd edən İsrail sabahdan etibarən açıq havada maska taxmaq məcburiyyətini ləğv edir.
Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, İsrail səhiyyə naziri Yuli Edelstein məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilərkən, qapalı yerlərdə maska taxmağın məcburi olması davam edəcək.
İsraildə peyvənd kampaniyasından sonra koronavirus xəstəliyinə tutulanların sayında əhəmiyyətli azalma olub, məhdudlaşdırma tədbirləri isə fevralın 21-dən etibarən tədricən yumşaldılır.
Baş nazir Binyamin Netanyahu "Pfizer&BioNTech" peyvəndinin ölkəyə tədarükünü təmin edib.
Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Bu da ölkə əhalisinin təxminən 61 faizi deməkdir.
Səhiyyə Nazirliyinin məlumatlarına görə, son günlər ölkədə günlük "COVID-19" xəstələrinin sayı 200-dən aşağı düşüb. Yanvar ayının ortalarında isə günlük xəstələrin sayı 10 min civarında idi. Bu səbəbdən peyvəndin İsraildə normallaşmanı təmin etdiyi düşünülür. Ölkədə bu günə qədər 6 min 312 nəfər koronavirus səbəbindən ölüb, ümumi xəstəlik sayı isə 836 mini keçib.