İQTİSADİYYAT

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

Hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib
Sputnik

BAKI, 17 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci rübdə ölkəmizdən İtaliyaya dəyəri 89,9 milyon ABŞ dolları olmaqla 435 milyon kubmetr, Yunanıstana 16,2 milyon dollarlıq 57,8 milyon kubmetr, Bolqarıstana isə 8 milyon dollarlıq 59,7 min kubmetr təbii qaz ixrac edilib.

Üç ayda Türkiyəyə 548,9 milyon dollarlıq 4 milyard 118,6 milyon kubmetr, Gürcüstana 203,9 milyon dollarlıq 1 milyard 494,2 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.