TƏHLİL

Amerikalıların Əfqanıstandan çıxarılmasına taliblər rəhbərlik edir

Pentaqon rəhbəri Lloyd Ostin hesab edir ki, bir neçə min ABŞ hərbçisinin Əfqanıstandan çıxarılması "səyləri başqa istiqamətə yönəltməyə", "gələcək düşmənlər" olan Çin və Rusiyanın qarşısını almağa və ya onlara qalib gəlməyə imkan verəcək.
Sputnik

BAKI, 17 aprel — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. "Taliban"* terrorçu təşkilatı Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı Birləşmiş Ştatlara sərt şərtlər irəli sürərək Vaşinqtonu çoxqütblü dünya reallığına qaytarır.

Aprelin 13-də Ağ Ev ABŞ qoşunlarının sentyabrın 11-də Əfqanıstandan çıxarılacağı barədə xəbər yayıb. Taliblər isə mayn 1-nə qədər ABŞ qoşunlarının çıxarılmasını ultimatum şəklində tələb ediblər (Doxada 2020-ci il fevralın 29-da imzalanmış razılaşmaya əsasən). "Taliban"* təkidlə "Amerika və bütün işğalçı ölkələri müharibənin uzadılmasına haq qazandırmamağa və dərhal bütün qüvvələrini Əfqanıstandan çıxarmağa" çağırıb.

Daha sonra müraciətin mətnində "İslam Əmirliyi mücahidlərinin" açıq-aşkar hədələri gəlir.

ABŞ administrasiyası buna operativ reaksiya verib və qoşunların çıxarılmasının mayın 1-də başlanacağını elan edib. NATO üzrə müttəfiqlər də elə həmin gün "Qətiyyətli dəstək" qüvvələrinin çıxarılması barədə analoji qərar qəbul ediblər. Lakin bu maraqlar münaqişəsində onlardan hər biri öz "simasını qorumağa" çalışıb.

ABŞ prezidenti Co Bayden çərşənbə günü bildirib ki, Amerika hərbi qulluqçilarının Əfqanıstanda olmasının orada dayanıqlı hökumətin qurulmasına köməyi olmayacaq. ABŞ müdafiə naziri Lloyd Ostin isə qeyd edib ki, qoşunlar Əfqanıstanda qarşılarında duran vəzifəni artıq yerinə yetirib, habelə "iqtisadiyyat, vətəndaş cəmiyyəti və siyasətdə inkişaf üçün şərait yaradıblar".

Bəs Pentaqon və müttəfiqlərinin İslam respublikasında əməliyyatlara yüz milyardlarla vəsait xərcləyərək, minlərlə əsgəri qurban verməyə və sonr da döyüş meydanını bu cür şərəfsizcəsinə tərk edərək bütün bədbəxt ölkəni dünənki düşmənə - taliblərə qoyub getməyə dəyərdimi? Ritorik sualdır.

1 mayda güc nümayişi

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns aprelin 14-də qoşunların çıxarılmasının böyük risklər yaratdığını bildirərək ABŞ hərbi qüvvələrinin ölkəni tərk etdikdən sonra Əfqanıstanda İŞİD və "Əl Qaidə"nin nüfuzunun bərpa olunacağı ehtimalını proqnozlaşdırıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton isə əmindir ki, qoşunların indiki vaxtda çıxarılması elə hakimiyyəti "Talibana" verməyə bərabərdir. Taliblər isə öz növbəsində ABŞ və NATO çıxarılma prosesini əvvəlcədən danışıldığı kimi, mayın 1-nə qədər çatdırmasalar əcnəbi qoşunlara qarşı döyüş əməliyyatlarını bərpa etməyə, yəni "cihada" başlamaq niyyətindədirlər. Talibanın mövqeyini bir müddət əvvəl Zəbiullah Mücahid dilə gətirib: "Bayden bildirib ki, qoşunları maya qədər çıxarmaq çıtindir. Lakin bizim mövqeyimiz bundan ibarətdir ki, Doxada imzalanmış razılaşma yerinə yetirilməlidir. Çünki Əfqanıstanla Birləşmiş Ştatlar arasında mövcud problemin həllinin yeganə yolu bu razılaşmanın yerinə yetirilməsidir".

Logistika nöqteyi-nəzərindən 3-5 min nəfər hərbi qulluqçunun təyyyarələrlə başqa yerə köçürülməsi üçün 14 ay kifayət qədər vaxt deməkdir. Aydındır ki, ABŞ və NATO qoşunlarının çıxarılmasını ləngidən taliblərlə permanent şəkildə baş verən döyüş əməliyyatları və "şagirdlərin" Əfqanıstanın hazırkı (amerikapərəst) hökuməti ilə birlikdə gələcək dövlət aparatında hakimiyyət bölgüsü barədə qətiyyən razılığa gələ bilməməsi ilə bağlıdır.

Əfqanıstan İslam Respublikası ali milli barışıq şurası iyirmidən çox təklifi, o cümlədən prezident Əşrəf Qaninin sülh planını bir proqramda cəmləşdirməyə müvəffəq olub. Lakin aprelin 14-də "Taliban"* Əfqanıstanın gələcəyi ilə bağlı danışıqlarda (növbəti mərhələniin Türkiyədə keçirilməsi planlaşdırılırdı) iştirakdan imtina edib. Taliblərin cilahlı birləşmələri hökumət qüvvələri üzərində hərbi qələbə üçün ABŞ və NATO qoşunları və döyüş texnikasının tam çıxarılmasını gözləyirlər. Kabul hələ ki ABŞ hərbi hava qüvvələrinin terrorçulara vurduğu zərbələr sayəsində "mühasirədə" qalıb. Beləliklə, yaxın gələcəkdə Əfqanıstan "İslam Əmirliyi"nə çevrilə bilər.

Ərazicə Texas ştatından kiçik olan Əfqanıstanda iyirmi illik döyüş əməliyyatlarından və taliblərlə biabırçı sülh imzaladıqdan sonra amerikalılar "səsini" bir az alaraq beynəlxalq məsələlərdə özlərini bir qədər təvazökar aparmalı idilər. Lakin tarix onlara heç nəyi öyrətmir. Və yenə də günahkar Rusiyadır.

ABŞ kəşfiyyat ictimaiyyəti "aşağı və orta səviyyədə əminliklə" ehtimal edir ki, onların rusiyalı kəşfiyyatçı həmkarları "Taliban"ın Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinə qarşı 2019-cu ildə və ondan əvvəlki hücumlarını maliyyə cəhətdən dəstəkləyiblər. Bu məlumatların mənbələri isə nə heç bir tənqidə dözmür, nə də onların yoxlanması mümkün deyil. Rusiya isə bu cür itihamları rədd edir.

Səylərin fokusunun dəyişdirilməsi

Pentaqon rəhbəri Lloyd Ostin hesab edir ki, bir neçə min ABŞ hərbçisinin Əfqanıstandan çıxarılması "səyləri başqa istiqamətə yönəltməyə", "gələcək düşmənlər" olan, "dünya düzənini dəyişməyə çalışan" Çin və Rusiyanın qarşısını almağa və ya onlara qalib gəlməyə imkan verəcək. Beləliklə, tiryək xaşxaşı üzərində bərqərar olan azsaylı terrorçu qruplarla bacara bilməyən Pentaqon indi də nüvə dövlətləri arasında özünə düşmən axtarır. Və bunu ancaq ona görə edir ki, həmin dövlətlərin hansısa hərəkətləri "ABŞ milli maraqları ilə ziddiyyət təşkil edir".

ABŞ-ın bu "fokus dəyişməsi"ndən sonra Əfqanıstan və onunla həmsərhəd olan Mərkəzi Asiya ölkələri aqressiv hərbi-dini hərəkatla qonşuluqda yaşamaq məsələsini təkbaşına həll etməli olacaqlar. Talblərin hakimiyyəti altında ölkədə (2001-ci ilə qədər) qadınlar təhsilə yaxın buraxılmırdı, həyat yoldaşına xəyanətə görə insanları elə şəhər meydanlarında edam edirdilər, oğruların əlləri kəsilirdi, televiziya, teatr və musiqi isə qadağan edilmişdi.

Faktlar çox ciddi məsələdir. Əfqanıstan milli təhlükəsizlik idarəsi aprelin 12-də bəyan edib ki, ABŞ və Taliban arasında Doxada imzalanmış saziş sabitliyə gətirməyib və 2020-ci il fevralın 29-dan bəri taliblərin hücumlarının sayı 24% artıb. Və əgər "Taliban"ın Qətər ofisinin rəhbəri molla Əbdül Qəni Bəradər Özbəkistan prezidenti Şavkat Mirziyoyevə Əfqanıstanda birgə iqtisadi layihələrin icrası təşəbbüsünə görə təşəkkür edibsə, bu hələ "həmin torpaqda" sülhün bərqərar olacağına zəmanət vermir. Çünki hərbi-dini hərəkat nə tərkibinə, nə təsəvvürlərinə, nə də məqsədlərinə görə qətiyyən yekcins deyil.

"Taliban" öz taktikasını dəyişmir, ölkədə zorakılıq səviyyəsini azaltmır, "Əl Qaidə" ilə müttəfiqlər və tərəfdaşlıq münasibətlərini pozmur.