SƏHİYYƏ

Səkkizinci faktordan asılı olan adamlar: Onlar COVID-ə yoluxanda ağırlaşma olmur

"Təsəvvür edin, adi burun qanamasından insan dünyasını dəyişirdi. Təxminən ötən ilin ortalarınadək xəstəliyin yeganə müalicə ünvanı Bakıda idi".
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. "2021-ci ildə Azərbaycanda hemofiliyalı xəstələrin sayı 1704 olub. İki il öncə isə bu rəqəm 1640 idi. Bu rəqəm hemofiliya ilə doğulan körpələrin hesabına iki il ərzində artıb. Ümumilikdə isə qeyd edim ki, hazırda ölkədə hemofiliyalı uşaqların sayı 300-dür. Bu xəstəliyin yaranmasında əsas faktorlardan biri qohum nikahlarıdır".

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bu barədə Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində onlayn çıxışı zamanı deyib.

Səkkizinci faktordan asılı olan adamlar: Onlar COVID-ə yoluxanda ağırlaşma olmur

Assosiasiya sədri bildirib ki, irsi xəstəliklərin müəyyənləşdirilməsində mühüm rol oynayacaq tibbi genetik laboratoriyanın yaranması ilə rəqəmlərin artmasının qarşısı alınacaq. Yəni belə olan halda nikaha daxil olmaq istəyən şəxslər analizlər verərək genetik xəstəliklərini öyrənə biləcəklər ki, bu zaman da xəstəliyin artmasını əngəlləmək mümkün olacaq.

A.Hüseynov həmçinin bu xəstələrin COVID-19-a yoluxmasından da söz açıb:

"COVID-19 zamanı qan qatılaşır. Bu xəstəliyin daşıyıcısı olanlarda isə qan duru olur. Bu səbəbdən COVID-19 virusu bu xəstələr arasında xüsusi bir risk yaratmır. Yəni COVID-19-a yoluxan belə xəstələr arasında heç bir ağırlaşma olmur".

O son görülən işlərdən də danışıb: "2005-ci ilədək hemofiliyalı xəstələrin vəziyyəti ağır idi. Onlar üçün lazım olan dərman və preparatlar yox idi. Təsəvvür edin, adi burun qanamasından insan dünyasını dəyişirdi. Təxminən ötən ilin ortalarınadək xəstəliyin yeganə müalicə ünvanı Bakıda idi. Lakin biz ötən ilin əvvəlindən regional qan banklarının yaradılması üçün təkliflər irəli sürdük. Artıq hemofiliyalı xəstələrin Bakıya gəlməsinə ehtiyac qalmır. Onlar regional qan banklarına üz tutaraq lazım olan prosedurdan keçirlər".

Qan və qan komponentləri kimlərə verilir? Qan Bankı açıqladı

"Elə dərman preparatları var ki, ayda bir dəfə vurulmaqla insan normal həyatını yaşaya bilir. Bu dərman və preparatlar qanda çatışmayan 8-ci faktoru bərpa edir. Yəni, ən ağır xəstələr bu dərman preparatını qəbul etməklə normal həyat tərzlərini yaşaya bilərlər. Əsas hədəfimiz xüsusən də ağır formalı uşaqları bu dərman preparatları ilə təmin etmək, onların sağlam böyüməsidir", - deyə sədr əlavə edib.

A.Hüseynov yaxın zamanlarda hemofiliyalı xəstələr üçün nəzərdə tutulan dərman və preparatların gələcəyini qeyd edib.