Küçədə dilənçilik edən 370 uşaq aşkarlanıb

Aparılan yoxlamalar həmin uşaqların əməyin qurbanı olmadıqlarını, lakin demək olar ki, hamısının Azərbaycanda uzun illər məskunlaşmış qaraçı ailələrindən olduqlarını göstərib.
Sputnik

BAKI, 16 aprel — Sputnik. Ötən il Azərbaycanda küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkar edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə,  bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb. Aparılan yoxlamalar həmin uşaqların əməyin qurbanı olmadıqlarını, lakin demək olar ki, hamısının Azərbaycanda uzun illər məskunlaşmış qaraçı ailələrindən olduqlarını göstərib.

Araşdırmalarla məlum olub ki, onların valideynlərinin bələdiyyə və pay torpaqlarının olmasına, dövlətdən ünvanlı sosial yardımlar almalarına baxmayaraq müxtəlif bəhanələrlə dövlət və özəl sektorda, eləcə də kənd təsərrüfatında işləməkdən boyun qaçırır, özlərinə peşə seçdikləri və azyaşlı uşaqlarını da cəlb etdikləri dilənçiliklə məşğul olurlar.

Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla yanaşı, müvafiq problemin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 450 material göndərilib.