Konfet və vaflinin qiyməti qalxacaq

Son altı ay ərzində şirniyyat məmulatlarının əsas tərkib hissəsini təşkil edən xammal 25-120% bahalaşıb ki, bu da qiymət artımını qaçılmaz edir.
Sputnik

BAKI, 15 aprel — Sputnik. Rusiya qənnadçıları yaxın vaxtlarda konfet və vaflinin qiymətinin qalxacağı barədə əhalini xəbərdar edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, xammalın bahalaşması istehsalçıları bu şirniyyatların dəyərini əhəmiyyətli dərəcədə artırmağa vadar edir. Belə ki, son altı ay ərzində konfet və vaflilərin əsas tərkib hissənin təşkil edən xammal 25-120% bahalaşıb. Məsələn, un, kərə yağı, yumurta və cemin qiyməti 50, şəkərin qiyməti isə 120 faizə qədər artıb. Nəticədə, şirniyyat məhsullarının istehsal dəyəri orta hesabla 10 faiz çoxalıb.

Xəbərdə bildirilir ki, bahalaşmaya yeyinti sənayesi üçün külli miqdarda xammal ehtiyatı alan və dünyada bu məhsulların defisitinə səbəb olan Çin də təsir göstərib. Bundan başqa, Çin bəzi məhsulların ixrac qiymətini də artırıb.

Xatırladaq ki, bir qədər bundan əvvəl Rusiya hökuməti inflyasiya ilə əlaqədar şəkər tozu-qənd və günəbaxan yağı istehsalçılarına 9 milyard rubl həcmində subsidiya ayırmışdı. Bu addım şəkərin topdansatış qiymətinin 36, pərakəndə qiymətinin isə 46 rubldan yuxarı qalxmamasına imkan verirdi. Subsidiya sayəsində bir litr günəbaxan yağının qiymətini isə 95-110 rubl səviyyəsində saxlamaq mümkün olmuşdu.

Qeyd edək ki, Azərbaycana qənnadı məhsulları ixrac edən ölkələr arasında Rusiya əsas yerlərdən birini tutduğundan, ölkəmizdə də qiymət artımı qaçılmazdır.