Yaponiya "Fukusima-1" AES-nin tullantı sularını okeana axıdacaq

Yaponiya hakimiyyəti belə bir nəticəyə gəlib ki, təmizləndikdən sonra bu suların insanlara və ətraf mühitə heç bir ziyanı olmayacaq, halbuki yerli balıqçılar, Çin və  Cənubi Koreya kimi qonşu ölkələr bunun əksini iddia edirlər.
Sputnik

 

BAKI, 14 aprel — Sputnik. Yaponiya hökuməti "Fukusima-1" Atom Elektrik Stansiyasının (AES) radioaktiv maddələrdən təmizlənmiş tullantı sularının okeana axıdılması barədə qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan rus mediasına istinadla məlumat yayıb. Söhbət ərimiş yanacağın soyudulması üçün istifadə olunan sudan, eləcə də, çirklənmiş yağış suyundan və yeraltı sulardan gedir. Yaponiya hakimiyyəti belə bir nəticəyə gəlib ki, təmizləndikdən sonra bu suların insanlara və ətraf mühitə heç bir ziyanı olmayacaq. Halbuki yerli balıqçılar, Çin və Cənubi Koreya kimi qonşu ölkələr bunun əksini iddia edir.

Bu barədə son qərar çərşənbə axşamı Yaponiyanın Baş naziri Yoshihide Suqa və Yaponiya Nazirlər Kabineti üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, Yaponiyada təmizlənmiş suyun okeana axıdılması ilə bağlı fikir ilk dəfə 2019-cu ildə səsləndirilib. Suyun təmizlənməsi üçün ALPS sistemindən istifadə olunacaq. Bu sistem stronsium və sezium daxil olmaqla radioaktiv maddələrin çoxunu təmizləsə də, aşağı konsentrasiyalı və insan sağlamlığı üçün nisbətən az təhlükə yaradan tritium suyun tərkibində qalır. Buna görə də tullantı suları tritium konsentrasiyası bir litrdə 1,5 min bekkerelə düşənə qədər seyrəldiləcək ki, bu da ÜST standartlarından yeddi qat aşağıdır. Proses Beynəlxalq Atom Enerjisi Stansiyası (MAQATE) və üçüncü şəxslər tərəfindən izlənəcək. Bunun üçün hazırlıq və yoxlama prosesi isə iki il çəkəcək.

Hazırda "Fukusima" AES-nin anbarlarında 1,25 milyon tondan çox su saxlanılır. "Tokyo Holdings Inc." elektrik stansiyasının operatoru gələn ilin payız aylarına kimi artıq tullantı sularını saxlamaq üçün yer qalmayacağından ehtiyatlanır.

Xatırladaq ki, 2011-ci ilin mart ayında Yaponiyanın şimal-şərq sahillərində sunami ilə nəticələnən zəlzələ baş vermişdi. "Fukusima" AES-nə çırpılan nəhəng dalğalar qəzaya gətirib çıxarıb ki, o da öz miqyasına görə yalnız 1986-cı il Çernobıl qəzasından geri qalır.

Eyni anda "Fukusima-1" AES-nin üç enerji blokundakı reaktorların aktiv zonasında ərimə qeydə alınıb.