SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: "Azərbaycan 7 rayonun eyni anda qaytarılmasını tələb edirdi"

Rusiya Prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı apardı və nəticədə məlum oldu ki, Bakı erməni tərəfinin Hadrut rayonu ilə bağlı tələbini qəti şəkildə rədd edir.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin çərşənbə günü keçirilən iclasında Qarabağda müharibənin ən qızğın vaxtında, xüsusən də, Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında və bundan sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Paşinyanın sözlərinə görə, oktyabr ayının ikinci yarısında Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşərək, vəziyyəti təhlil edib və ağır güzəştlər də daxil olmaqla barışığa getmək barədə qərar verib.

"Bu məqsədlə, parlamentdəki müxalifət nümayəndələrinin də qatıldığı Təhlükəsizlik Şurasının iclasını çağırdım. Onları bu məsələdə məsuliyyəti bölüşmək üçün deyil, məlumatlandırmaq üçün dəvət etmişdim", – deyə Baş nazir bildirib.

O, iclasdan sonra Rusiya prezidentinə zəng vuraraq Ermənistanın keçmişdə vasitəçilər tərəfindən dəfələrlə təklif olunan "5+2" formulu əsasında qondarma "DQR" ətrafındakı bölgələrin Azərbaycana qaytarılması şərti ilə barışıq istədiyini bildirib.

"Biz Rusiya prezidenti ilə vəziyyəti geniş müzakirə etdik və tam şəkildə anlaşdıq. Bilirsiniz ki, orada azərbaycanlı qaçqınlarla bağlı məsələ də var idi. Mən dedim ki, əgər bu məsələ Dağlıq Qarabağın statusu ilə hər hansı bir şəkildə əlaqələndiriləcəksə, prinsipcə, bizim etirazımız yoxdur", – deyə Paşinyan vurğulayıb.

"Bundan sonra Rusiya Prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı apardı və nəticədə məlum oldu ki, Bakı erməni tərəfinin Hadrut rayonu ilə bağlı tələbini qəti şəkildə rədd edir. Azərbaycan tərəfi tələb edir ki, məcburi köçkünlərin qaytarılmasından (o cümlədən Şuşaya) asılı olmayaraq, Qarabağın statusu bu məsələ ilə əlaqələndirilməsin" - baş nazir deyib.

Bundan əlavə, Paşinyan bildirib ki, Bakı "5+2" formulunu qəbul etməyib və eyni anda 7 rayonun qaytarılmasını tələb edib. Baş nazir bunun yeni bir detal olduğunu, əvvəllər bu barədə danışmadığını da vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan danışıqların müəyyən məqamından sonra Dağlıq Qarabağın statusu məsələsini gündəliyə salmaqdan qəti şəkildə imtina edib.