CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecəqonduların taleyinə aydınlıq gətirildi - Bir gecəyə villa tikmək olar?

“O evlər  gecəqondudursa, aidiyyəti qurumlar həmin evlər tikilərkən hara baxırdılar?  Sözsüz ki, bir evi bir gecəyə tikib başa çatdırmaq mümkün deyil"
Sputnik

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 14 aprel — Sputnik. Paytaxtda inşa olunan gecəqondularla bağlı məsələ yenidən gündəmə gəlib. Milli Məclisdə keçirilən iclasda deputat Fazil Mustafa deyib ki, qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır. Deputat bildirib ki, Bakıya girəndə Sulutəpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır: “Bunu dəyişməliyik. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”.

Sputnik Azərbaycan gecəqonduların sənədləşdirilməsi məsələsini araşdırıb.

Dövlətin sərvəti və sənədsiz evlər - hər kəsi sevindirmək mümkün deyil

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sulutəpə yaşayış massivində, eləcə də Bakıətrafı ərazilərdə yerləşən sənədsiz tikililər arasında gecəqondular olsa da, qanunsuz evlərin hamısı gecəqondu sayıla bilməz: “Sulutəpə ərazisində elə evlər var ki, onlara gecəqondu demək olmaz. Sözügedən ərazidə elə evlər inşa olunub ki, onları tikməyə aylarla vaxt lazımdır. Gecəqondular isə bir gecəyə tikilən evlərdir”.

E.Fərzəliyev bildirir ki, gecəqondular Bakıətrafı ərazidə inşa olunan sənədsiz evlərin o qədər də çox hissəsini təşkil etmir: “Belə evlərin sayı 100-dən çox olar. Bakı və Abşeronda isə yüz minlərlə sənədsiz ev var. Gecəqondu deyəndə bir gecədə inşa olunan kiçik ev nəzərdə tutulur. Avtovağzala yaxın ərazidə isə inşa olunan evlər arasında çıxarışı olanlar var. O evlərin hamısı daşdan olan tikililərdir. Orada yaşayanların 90 faizinin əlində hər hansı bir formada bir sənəd var. Çoxunun üzərində ev tikdiyi torpağa bələdiyyə sənədi verilib”.

Ekspert bildirir ki, hətta gecəqondular inşa olunarkən belə tikinti ilə bağlı müəyyən qurumların xəbəri olur: “O evlər  gecəqondudursa, aidiyyəti qurumlar həmin evlər tikilərkən hara baxırdılar?  Sözsüz ki, bir evi bir gecəyə tikib başa çatdırmaq mümkün deyil. Deməli, gecəqondu adlandırılan evlər tikilərkən rayon icra hakimiyyətlərinin, icra nümayəndəliklərinin, bələdiyyələrin, sahə müvəkkillərinin xəbəri olub. Onlar qeyri-rəsmi o evlərin tez bir zamanda tikilməsinə razılıq verərək, tikintiyə göz yumublar. Sadəcə sakinlərə tikintiyə razılıqla bağlı hər hansı rəsmi sənəd yoxdur”.

Bununla belə E.Fərzəliyev bildirir ki, hətta gecəqondu sayılan evlərə belə işıq, qaz, su sayğacları qoyulub: “Vətəndaş özünə elektrik, qaz və su xətti çəkib. Aidiyyəti qurumlar isə o evlərə sayğac qoyub. Deməli aidiyyəti qurumlar bu evin vətəndaşlara məxsus olduğunu təsdiqləyiblər. Ona görə də gecəqondular da sənədləşdirilməlidir. Əgər həmin tikililər yüksək gərginlikli elektrik xətlərinin altında inşa edilibsə, mühafizə zolaqlarına düşürsə, bu zaman söküləcəksə, ərazi qiymətləndirilib vətəndaşlara kompensasiya verilməlidir. Çünki sənədsiz tikililər desək də, hansı qapını döysək, o ərazidə vətəndaşın əlində hər hansı sənəd var”.

Hökumət sənədsiz evlərin inventarlaşmasını aparır

Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gecəqondular da qanunsuz tikililər kateqoriyasına aiddir. Qurum rəsmisi bildirir ki, hazırda sənədsiz tikililərin inventarlaşdırılması işləri davam edir. Onun sözlərinə görə, bu proses hələ ki, tam başa çatdırılmayıb: ”Pandemiyaya görə sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı yaradılmış komissiyaların fəaliyyətində müəyyən fasilələr olur. Amma bu komissiyalar işləyirlər. 8-9 nəfərin təmsil olunduğu komissiyalar rayon icra hakimiyyətlərinin nəzdində yaradılıb. Sənədsiz tikililərin inventarlaşdırılması işləri başa çatandan sonra çeşidlənmə işləri aparılacaq. Bundan sonra bəlli olacaq ki, sənədsiz tikililərin nə qədər hissəsi hansı kommunikasiya xətlərinin mühafizə zonalarına düşür. Bu siyahıya gecəqondular da aiddir”.

Şamil Abdullayev bildirir ki, gecəqondular inşa edilərkən tikinti tələblərinə əməl olunmadığı üçün onların sənədləşdirilməsində problem yaranacağı inandırıcı deyil. Qurum rəsmisi bildirir ki, qanunsuz tikililərin mütləq əksəriyyətində tikinti-arxitektura tələblərinə, qaydalarına əməl edilməyib.

Şamil Abdullayevin sözlərinə görə,  sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işi başa çatdıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək, tövsiyyə xarakterli hökumət qarşısında məsələ qaldırılacaq: "Bundan sonra qanunsuz tikililərin taleyi ilə bağlı qərar veriləcək. O qərar olmayana qədər qanunsuz tikililərin necə sənədləşdiriləcəyi, prosesin hansı mərhələlərlə aparılacağı barədə bir fikir söyləmək mümkün deyil. Pandemiyaya görə sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işi bir az yubanır”.

Ş.Abdullayev deyir ki, indidən qanunsuz tikililərin hansının sənədləşdiriləcəyi, hansının söküləcəyi barədə qəti fikir söyləmək mümkün deyil: "Çox güman ki, mədən ərazisinə və mühafizə zolaqlarına düşən tikililərlə bağlı hökumətin yanaşması belə olacaq - əgər magistral xəttin yerinin dəyişdirilməsi həmin magistral xəttin mühafizə zolağında yerləşən tikililərin sökülməsindən daha ucuz başa gəlirsə, bu halda dövlət həmin xəttin yerini dəyişdirir. Yox, əgər söküntü prosesi xəttin yerinin dəyişdirilməsindən ucuz başa gəlirsə, həmin varianta gedilə bilər. Bütün bunlar dəqiqliyi ilə müvafiq qərar verildikdən sonra məlum olacaq".