QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"İskəndər-M" raketləri barədə Bakı Moskvaya rəsmi məktub ünvanlayıb

"Mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir".
Sputnik

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda "İskəndər-M" raketlərinin qalıqlarının aşkar olunması barədə məlumatı müzakirə etdiyini bildirib. Sputnik Azərbaycan bildirir ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayıb.

"Aprelin 1-də mənim rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Adətən, bildiyiniz kimi, telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumat verilir. Lakin mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edurəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik (Putinlə)", - deyə İlham Əliyev "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında bildirib.

"Mənim göstərişimlə Azərbaycanın Müdafiə Nazirliyi şəkillərlə, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələ heç bir cavab almamışıq", - deyə dövlət başçısı bildirib.

Prezident rəsmi Yerevanın adı çəkilən raketlərdən istifadə olunması barədə bəyanatını "qəribə" adlandırıb.

"Onlar gah partlamamış raketlər barədə danışırlar, gah deyirlər ki, bu sirdir. Deməli, raketlər istifadə olunub. Biz Yerevandan rəsmi cavab gözləyirik. Mən sizə hələ bundan artığını deyəcəyəm: bizdə kifayət qədər sübut var, lakin biz rəsmi izahatları gözləyəcəyik", - deyə Əliyev vurğulayıb.