BAKI, 13 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan milli xalça muzeyində bir həftə ərzində kosmosa həsr olunmuş xalçalar nümayiş olunacaq. Sərgi Beynəlxalq Kosmonavtika Gününə və insanın kosmosa ilk uçuşunun 60 illiyinə həsr olunub.
Tamaşaçıların diqqətinə azərbaycanlı xalçaçı-rəssam Cəfər Mücirinin 1965-ci ildə toxunmuş "Kosmonavtika" adlı unikal xalçası da təqdim olunur.
Xalçanın süjet-naxış kompozisiyasının mərkəzində kosmosa can atan monumental insan təsviri verilib. Bundan əlavə, xalçada ulduzlar, planetlər, məşhur kosmik gəmilərin də təsvirləri var.
Xalçanın yuxarı hissəsi və kənarları zəngin gül naxışları ilə bəzədilib.
Xalçanın tam mərkəzində isə rəssam Sovet dövlətinin banisi Vladimir Leninin təsvirini verib. Ondan əlavə, xalçanın kənarlarında kosmosu fəth etmiş qəhrəmanların – Yuri Qaqarin, Valentina Tereşkova, German Titov, Valeri Bıkovski, Pavel Popoviç və başqalarının portretləri yer alıb.