"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.
Sputnik

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

Çin və Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.