BAKI, 13 aprel — Sputnik. ABŞ-ın Qida Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarəti (FDA), eləcə də Xəstəliklərə Nəzarət və Yayılmasının Qarşısının Alınması Mərkəzi (CDC) "Johnson&Johnson's Janssen Pharmaceuticals Division"-a ehtiyat tədbirləri səbəbindən" COVID-19-a qarşı peyvənd prosesini təxirə salmağı tövsiyə edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadla məlumat yayıb.
"Bu gün FDA və CDC "Johnson & Johnson" peyvəndi ilə əlaqədar bəyanat yayımlayıb. Ehtiyat tədbirləri səbəbindən peyvəndin istifadəsini dayandırmağınızı tövsiyə edirik", – deyə FDA-nın "Twitter" hesabında paylaşılan açıqlamada bildirilir.
Qeyd edək ki, "New York Times" qəzetinin rəsmi şəxslərə istinadla verdiyi xəbərə görə, sözügedən preparatla vaksinasiya olunan 18-48 yaşlı altı qadında tromboz yaranıb. Qadınlardan biri dünyasını dəyişib, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
CDC-in məlumatına görə, indiyə kimi ABŞ-da 7 milyon insana "Johnson&Johnson" vaksini vurulub.
Bir qədər bundan əvvəl ABŞ-ın dərman tənzimləyiciləri bu preparatla vaksinasiyadan sonra qan laxtalanması hallarının baş verməsindən narahatlıqlarını ifadə etmişdilər. İmmunlaşdırma Təcrübəsi üzrə Məşvərət Komitəsi (ACIP) isə peyvənddən sonra fəsadların yaranma hallarını qiymətləndirmək və potensial riskləri ölçmək üçün CDC-in nümayəndələri ilə görüşəcəklərini bildirmişdi.