Çindən vaksinlərlə bağlı şok etiraf

Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir.
Sputnik

BAKI, 12 aprel — Sputnik. Çin ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bunu Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu bildirib.

"Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur", - deyə Qao Fu qeyd edib.

O, həmçinin bildirib ki, Çin rəhbərliyi müxtəlif istehsal olan peyvəndlərin qarışdırılması (ayrı-ayrı peyvəndlərin vurulması) imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir. Müqayisə üçün Rusiya istehsalı "Sputnik V" və ABŞ/Almaniya istehsalı "Pfizer" peyvəndində bu göstərici 95 faizdən artıqdır.

Bu arada "Sinovac" şirkətinin məlumatlarına görə, onların vaksini 80% hallarda "COVID-19"-un ağır şəkildə keçməsinin qarşısını alır. Çinin özündə koronavirus əleyhinə xarici preparatların istifadəsi qadağandır.

Ötən həftənin məlumatına görə, Çində "COVID-19"əleyhinə 164 milyon dozadan artıq vaksindən istifadə olunub. Çin əhalisinin özü isə 1,3 milyard nəfərdir. Daha əvvəl rəsmi Pekin bildirmişdi ki, yay fəslinin ortalarına qədər milyarddan çox əhalinin vaksinasiya edilməsi planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.