Təsəvvür edin - mənzərəli meşələr, şəlalər, suyun firuzəyi səthi və lianalar. Yox, bu Amazon meşələri deyil, hətta Havay adalarında yerləşən Vaymea kanyonu da deyil. Söhbət Gürcüstanda yerləşən Martvili kanyonundan gedir.
Martvili kanyonu Kutaisidən 50 kilometr qərbdə yerləşir. Bu mənzərəli kanyon Abaşa çayının suları ilə yaranıb. Kanyonun uzunluğu 2400 metr, dərinliyi isə 50-70 metr təşkil edir.
Burada qayıqda gəzinti var. Səyahət kanyonun əvvəlindən başlayır və çay boyu davam edir. Sonra səyahətçiləri 12 metrlik şəlalənin yanında dayanacaq gözləyir.
Martvili kanyonu sözsüz ki, Qafqazın ən görməli yerlərindən biridir.