BAKI, 12 aprel — Sputnik. Prezident İlham Əliyev "Yol hərəkəti haqqında| qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.
APA-nın məlumatına görə, qanuna əsasən, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı dəyişib.
Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan nəqliyyat vasitələrinin nasazlıqları sırasına jalüz çəkilməsi də daxil edilib.
Eyni zamanda, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını müəyyən edəcək.