BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.
Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.