CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sentyabrda ənənəvi dərslər başlamaya bilər: Şagirdlər daşıyıcı və ötürücülərdir

"Mən özüm bir infeksionist kimi bu suala cavab tapa bilmirəm. Çünki sabah epidemik vəziyyətin necə olacağını bilmirik".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Ötən gün təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisə qayıtmağın vaxtını açıqlayıb. Nazir bildirib ki, hər hansı məktəbin işçi heyətinin 85%-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağı müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirilə bilər: "Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik".

Nazirin bu açıqlaması sosial platformada müəyyən suallara səbəb olub. Müzakirələr əsasən şagird və tələbələrin virusa yoluxma riski ilə bağlıdır.

Sputnik Azərbaycan-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, ənənəvi tədrisin bərpası üçün şagird və tələbələrin vaksinasiyası şərt deyil. Onun sözlərinə görə, hazırda dünyada iki dövlət şagirdər arasında vaksinasiyaya başlayıb: "Dünya təcrübəsində şagird və tələbələrin vaksinasiyası İsrail və Amerikadadır. Şagirdlər dünyanın əksər ölkələrində vaksin edilməyib. Amerikada ibtidai siniflər açılıb, yuxarı siniflərdə vaksinasiya aparılır".

Ekspert bildirir ki, hazırda koronavirus infeksiyasına yoluxma üzrə daha çox risk qrupuna müəllimlər daxildir:

"Şagirdlər daşıyıcı və ötürücülərdir. Daha çox ağırlaşma yuxarı yaş qrupunda müşahidə olunur. Təbii ki, Azərbaycanda yaşından asılı olmayaraq təhsil sahəsində çalışanların hamısı vaksin ediləcək. Bununla təhsil sahəsində virusa yoluxma riski aşağı düşəcək. Bu mənəda ümumtəhsil müəssisələrində ənənəvi tədrisin bərpasına nail olmaq mümkündür".

K.Əsədov bildirir ki, təhsil sahəsində 18 yaşdan yuxarı olanlar da var: "Əgər onlar vaksin edilirlərsə, deməli ali təhsil müəssisələrindəki tələbələr də bu prosesə cəlb oluna bilərlər".

Təhsil naziri ənənəvi tədrisə qayıtmağın vaxtını açıqladı

Ekspert bildirir ki, hazırda ən çox risk ali məktəb müəllimləri ilə bağlıdır: "Ali təhsil müəssisələrində yaşlı müəlimlərin sayı daha çoxdur. Ona görə də orta məktəblərlə müqayisədə ali məktəblərdə müəllimlər arasında virusa yoluxma riski çox böyükdür. Bu səbəbdən, ali məktəblərdə ənənəvi tədrisə başlamazdan öncə bu məqam nəzərə alınmalıdır".

K.Əsədov bununla belə bildirir ki, hələ ki, Azərbaycanda şagird və tələbələrin vaksin edilməsi müzakirə mövzusu deyil.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə qabaqcadan epidemik proqnoz vermək düzgün deyil:

"Mən özüm bir infeksionist kimi bu suala cavab tapa bilmirəm. Çünki sabah epidemik vəziyyətin necə olacağını bilmirik. Ola bilər ki, sentyabr ayında epidemik vəziyyət sabitləşsin. Yaxud da əksinə. Epidemioloji vəziyyət imkan verərsə, təhsil müəssisələri işləyə bilər. Vaksinasiya müəllimlər arasında, təhsil işçiləri arasında aparılır. Amma nəzərə almalıyıq ki, məktəbyaşlı uşaqlar virusu daha çox yaymaq imkanına malikdirlər. Onlarda xəstəlik özünü büruzə vermir. Bununla belə məktəbyaşlı uşaqlar epidemioloji cəhətdən virusu yaya bilərlər. Şagirdlər arasında virus yayılarsa, onlar da gedib evdə valideynlərini yoluxdura bilərlər. Həmin şəxslər isə iş yoldaşları, öz yaxınları arasında bu virusu yaya bilərlər. Bu zəncirvari şəkildə davam edə bilər. Nəticədə ölkədə epidemik vəziyyət pisləşəcək. Ona görə də hamımız məktəblərdə ənənəvi tədrisin bərpasını istəsək də, vəziyyətin sentyabr ayına qədər necə dəyişəcəyini bilmirik. Bu durumda indidən sentyabrda ənənəvi dərslərin başlanacağı proqnozunu vermək çətindir".

İnfeksionist deyir ki, hazırda 40 yaşdan yuxarı şəxslərin vaksin edilməsi gündəmdədir. Şagirdlərin və tələbələrin vaksinasiyası isə müzakirə mövzusu deyil: "Hətta gələcəkdə şagirdlər arasında peyvəndləmə işi aparılarsa, bu, 15 yaşdan sonra uşaqları əhatə edə bilər. Çünki aşağı yaş qrupunda uşaqlar üzərində vaksinin fəsadları öyrənilməyib. Biz belə halda 6-7 yaşlı uşağı koronavirusa görə peyvənd edə bilmərik".