MƏDƏNİYYƏT

Azərbaycanlı artist Türkiyənin ən istedadlı rəqqası elan edilib

Fərid Kazakov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə həsr olunmuş "İki dövlət – bir millət" layihəsinin qardaş ölkənin milli mükafatına layiq görülməsinə görə təşkilatçılara minnətdardır.
Sputnik

BAKI, 9 aprel — Sputnik. Kəmalə Əliyeva. Azərbaycanlı rəqqas Fərid Kazakov "Türkiyənin ən istedadlı rəqqası-2021" nominasiyasında "Türkiyə Zirvə Ödülləri" milli mükafatının qalibi olub. Bu barədə Sputnik Azərbaycan-a rəqqas özü məlumat verib.

2021-ci ilin fevralında həmyerlimiz Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə həsr olunmuş "İki dövlət – bir millət" layihəsini ictimaiyyətə təqdim edib. Layihənin ideyası Qarabağ uğrunda Vətən müharibəsi başa çatdıqdan sonra yaranıb.

"Çoxları yazırdı ki, mən xalqımızın həmin günlərdəki emosiya və həyəcanını ötürə bilmişəm və bu, məni əlbəttə ki, sevindirdi. Bütün bu illər ərzində mən öz yaradıcılığımla Azərbaycanın zəngin mədəniyyəti haqqında Rusiya və onun hüdudlarından kənarda söhbət açıram. Həmin klipi Türkiyə milli mükafatının təşkilatçıları görüb və dediklərinə görə, həm mənim vətənpərvərliyimdən, həm də layihənin özündən təsirləniblər. Məhz buna görə də təşkilatçılar məni bu mükafata layiq görüblər", - deyə Kazakov bildirib.

Rəqqas, həmçinin onu hər zaman dəstəkləyən və irəliyə getməyə stimul verən insanlara minnətdarlığını ifadə edib.

Xatırladaq ki, Fərid Kazakov Azərbaycan milli mükafatının, "Solo Star Russia" fəxri adının, Azərbaycanın "Trend of the Year" nüfuzlu mükafatının, mədəniyyət və incəsənət sahəsində "Most Fashionable Awards" beynəlxalq mükafatının laureatı, Beynəlxalq rəqs olimpiadasının, beynəlxalq, respublika və ümumrusiya müsabiqələrinin Qran-pri qalibi, "Qrasiya olimpi" gimnastika və rəqs məktəbinin rəhbəridir.