BAKI, 8 aprel - Sputnik. Meksikanın Partido Encuentro Social (Sosial Görüş Partiyası) partiyasından deputatlığa namizədliyini vermiş Karlos Mayorqa Syudad-Xuares şəhərində seçiciləri ilə qeyri-adi mərasimlıə görüşüb.
Sputnik Azərbaycan Mexico News Daily-yə istinadən bildirir ki, onun kampaniyası yalançı dəfn mərasimi ilə başlayıb.
Sosial şəbəkələrdə yayılan videolarda cənazə maşını ilə bir tabutun gətirildiyi görülür. Fərdi mühafizə geyimində olan kişilər tabutu maşından çıxararaq masanın üzərinə qoyurlar. Mayorqa bu an tabutdan çıxır və ciddi sifətlə çıxışına başlayır.
O, çıxışında hakimiyyəti cinayətkarlığın və koronavirus böhranının artmasına laqeyd münasibət bəsləməkdə günahlandırır.
"Mən Karlos Mayorqayam, Meksikanın Çiuaua ştatının Syudad-Xuares şəhərinin siyasətçilərin laqeydliyindən ölən 1,5 milyon sakinindən biriyəm", - o deyib.
Məqalədə bildirilir ki, bu çıxışı ilə siyasətçi hökumətin məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişənlərə görə təəssüfünü bildirmək istəyib. Mayorqa hesab edir ki, insanların həyatı hökumətin vecinə deyil və o, mütəşəkkil cinayətkar qruplara istədiyini etməyə imkan yaradır.