CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil naziri ənənəvi tədrisə qayıtmağın vaxtını açıqladı

"Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib".
Sputnik

BAKI, 8 aprel — Sputnik. “Hər hansı məktəbin işçi heyətinin 85%-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, əks-halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir: "Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54%-i, Sumqayıtda 69%-i, Abşeronda 60%-i, digər bölgələrdə isə 50%-i koronavirus əleyhinə peyvənd vurdurub".

Nazir həmçinin qeyd edib ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6%-ni müəllimlər təşkil edib: “Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimlərin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8% təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.