BAKI, 8 aprel - Sputnik. Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Bakıdan Yerevana uçub.
Sputnik Ermənistan Ermənistanın vitse baş nazirinin mətbuat katibi Njde Ovsepyana istinadən bildirib ki, həmin təyyarənin göyərtəsində erməni əsirləri var.
Təyyarənin "Erebuni" hava limanına eniş etdiyi deyilsə də, neçə adamı gətirdiyi bildirilmir.
Sputnik Ermənistan-ın müxbiri isə başqa məlumat əldə edib: Bakıdan gələn təyyarədə hərbi əsirlər yoxdur. Onun göyərtəsində yalnız Rusiya sülhməramlılarının başçısı Rüstəm Muradov varmış. "Erebuni" aeroportuna toplaşan "əsirlərin" yaxınları Müdafiə Nazirliyinin binası qarşısına gedərək itkin düşmüş övladlarını Ermənistan hökumətindən tələb edən valideynlərə qoşulmağa hazırlaşırlar. Sonuncular 11 saatdır ki, həmin qurumun giriş-çıxışını bağlayıblar.
Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada səfərdə olub və Rusiya Prezidenti Vladimir Putinlə görüşərək danışıqlar aparıb. O, həmin görüşdə də guya Azərbaycanda hərbi əsirlərin saxlandığını bildirib.
Azərbaycan XİN isə dəfələrlə bəyan edib ki, respublika ərazisində erməni hərbi əsir saxlanmır.
Məsələn, bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim etdi: “Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim etdi, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarıldı. Qeyd edim ki, Azərbaycan, həmçinin, mülki şəxsləri, hansılar ki, müharibə zamanı Ermənistan tərəfindən yaşlı mülki şəxslər həmin ərazidə kimsəsiz buraxılmışdı, onları da Qızıl Xaç Təşkilatı vasitəsilə hərbi əməliyyatlar gedən zaman Azərbaycan onları təqdim etdi. Hazırda Ermənistan tərəfindən qaldırılan mövzunun tarixçəsi ilə bağlı qeyd edim ki, bu üçtərəfli bəyanat imzalandıqdan və tərəflər öz üzərinə öhdəlik götürdükdən sonra, təxminən bir ay sonra meydana çıxan məsələdir”.
Ceyhun Bayramov bildirib ki, dekabrın 12-13-də Azərbaycan hərbi qüvvələrinin tam nəzarətində olan, üçtərəfli bəyanata əsasən, təsdiqlənmiş xəritələrə əsasən, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs ağır yaralanıb: “Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilmişdir və 62 nəfər Ermənistan hərbiçisi tutulmuşdu. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbiçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var.
Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb. BMT Baş katibinə bu faktla bağlı məktub ünvanlamışıq. Bunun regiona təhdid adlandırmışıq, Ermənistana təzyiq göstərilməsini istəmişik. Ermənistan bu kimi spekuliyasiyalarla üçrərəfli bəyanata zidd olan addımlarını gizlətmək istəyir”.