CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Cibimə sərf eləmir" - Şəkidə məktəbə aidiyyatı olanlar çıxılmaz vəziyyətdə qalıblar

“Xəstəliyə görə distant təhsilə keçmişik. Bu təhsilin keyfiyyətli olması üçün isə sürətli internet lazımdır. Güclü optik internet də Şəkidə yoxdur" - məktəb müəllimi.
Sputnik

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Artıq üç gündür ki, 4 şəhər və 1 rayonda ümumi təhsil müəssisələrində distant təhsilə keçilib. Bu şəhərlərdən biri də Şəkidir. Sakinlərin sözlərinə görə, distant təhsilə keçilsə də, internetin zəif olması təhsili keyfiyyətsiz edir. Şəhər sakini İradə KərimovaSputnik Azərbaycan-a bildirib ki, mobil nömrələrə aid internetdən istifadə edirlər və şəbəkənin zəif olması şagirdlərin onlayn dərsdə iştirakına tam imkan vermir.

“Şəki şəhərində yaşayıram, iki övladım var. Biri 6-cı, o biri 4-cü sinifdə oxuyur. İnternetin sürəti çox zəifdir. Demək olar ki, uşaqlarım dərsə girə bilmirlər. Dərsə qoşulanda da internetin zəif olması səbəbindən ya uşaq çıxır şəbəkədən, ya da müəllim. Dərs çox keyfiyyətsiz alınır. Demək olar ki, uşaqların hansısa dərsdə axıra qədər olduğu yadıma gəlmir”, – İ.Kərimova qeyd edib.

İradə Kərimova vurğulayır ki, internet paketlərini götürmək maddi cəhətdən də sərf etmir. Evə internet xəttinin çəkdirilməsi isə müşkülə çevrilib: "Meqabayt, yəni internet paket almalı oluruq. 10 manatlıq götürəndə də uşaqlar cəmi 3 dərsə qoşula bilirlər. O da mənim cibimə sərf eləmir. Sürətli internetə ehtiyacımız var. İstəyirik, amma yoxdur, çəkdirmək də olmur. Hər dəfə “Gözləyin, boş yer yoxdur” deyirlər”.

İnternetin zəif olması müəllimlərin də narahatlığına səbəb olur. Şəhərdəki orta məktəblərdən birinin müəllimi olan Asimə Gülüzadə kimi. Asimə Gülüzadə də deyir ki, bu cür internetlə dərsin keyfiyyətindən danışmaq olmaz.

“Xəstəliyə görə distant təhsilə keçmişik. Bu təhsilin keyfiyyətli olması üçün isə sürətli internet lazımdır. Güclü optik internet də Şəkidə yoxdur. Distant təhsilə alışmağa məcburuq. Amma zəif internet olduqda dərsin keyfiyyətindən necə söhbət gedə bilər? Bir dərsi izah etmək üçün bəzən 3-4 dəfə şəbəkədən ayrılıb-qoşulmalı oluruq”, – deyə A.Gülüzadə qeyd edib.

Onlayn təhsilə əlçatanlıq təmin olunubmu? Nazirlik "hər şey əladır" desə də...

Çoxuşaqlı ailələrdə bu problem özünü daha ciddi şəkildə büruzə verir.

“Ailədə iki, üç və ya daha çox uşaq olanda vəziyyət daha da çıxılmaz olur. Uşaqlardan biri və ya ikisi eyni vaxtda onlayn dərsə qoşulduqda, digərləri sürətin zəifliyi səbəbindən ümumiyyətlə qoşula bilmirlər. "Whatsapp"la da tapşırıqları göndərmək çox effektli olmur. Çünki dərsi də normal şəkidlə izah etməliyik”, – A.Gülüzadə əlavə edib.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, regionlarda rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində mərhələli şəkildə tədbirlər görülür. Xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis-kabel xətləri fiber-optik xətlərlə əvəzlənir. Eyni zamanda tələbatı nəzərə alaraq çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası - LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər. Həmçinin, digər rayonlardan edilən müraciətlər də qeydə alınır, sakinlərin telefon və internet xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir.