RUSİYA

Peyvənd vurulmuş şəxslərin sertifikatlarında xarici pasport məlumatları qeyd olunacaq

Peyvəndləmə ilə bağlı beynəlxalq tənzimləmə qaydaları və tələbləri elə formalaşdırılır ki, rusiyalılar portaldan əldə etdikləri sertifikatları səyahət üçün istifadə edə bilsinlər.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Rusiyada COVID-19-a qarşı peyvənd olunmuş şəxslərin elektron sertifikatında onun xarici pasportundakı məlumatlar əksini tapa bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunun üçün vətəndaşlar dövlət xidmətləri portalında məlumatları daxil etməlidirlər.

"Peyvənd olunmuş şəxsin QR-kod formatında sertifikatında xarici pasport məlumatları o zaman əksini tapacaq ki, istifadəçi dövlət xidmətləri portalındakı şəxsi kabinetində həmin məlumatları göstərmiş olsun", - deyə Rusiya Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq Koçanov bildirib.

Nazir müavini onu da bildirib ki, peyvəndləmə ilə bağlı beynəlxalq tənzimləmə qaydaları və tələbləri elə formalaşdırılır ki, rusiyalılar portaldan əldə etdikləri sertifikatları səyahət üçün istifadə edə bilsinlər.

Yeni servis sınaqdan keçirilərkən sertifikatda Rusiya pasportlarının məlumatları daxil edilib.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqında peyvəndlənmə sertifikatları iyun ayının 15-nə qədər istifadəyə veriləcək. Daxili bazar məsələləri üzrə komissar Tyeri Bretonun sözlərinə görə, sənədin alınması məcburi olmayacaq, lakin aviaşirkətlər sərnişinlərdən həmin sertifikatın olmasını tələb edə bilərlər.

Bundan əlavə, Rusiyada koronavirus infeksiyasına qarşı peyvəndin sertifikatı layihəsi üzərində iş aparılır.