SƏHİYYƏ

Azərbaycana bazar günü gətirmişdilər – Koreya "AstraZeneca" ilə peyvəndləməni dayandırdı

Ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza "Vaxzevira" vaksininin idxalı nəzərdə tutulub.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Cənubi Koreya tromboz (qan laxtalanması) hallarına dair məlumatlar fonunda "AstraZeneca" preparatı ilə 60 yaşa qədər şəxslərin vaksinasiyanı müvəqqəti olaraq dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Rönhap" agentliyi məlumat yayıb.

"Xüsusi və uşaq təhsil müəssisələrinin işçilərinin, məktəblərdə, əlillərə xidmət üzrə müəssisələrdə və uşaq bağçalarında tibb işçilərinin vaksinasiyası təxirə salınır. "AstraZeneca" preparatı ilə 60 yaşdan aşağı olan şəxslərdə aparılan vaksinasiya müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda bildirilir.

Yuxarıda adı çəkilən qrupdan olan vətəndaşların vaksinasiyası bu həftə başlamalı idi.

Qeyd edək ki, aprelin 4-də Azərbaycanda koronavirus əleyhinə istifadə olunması üçün Cənubi Koreyadan 84 000 doza COVAX platforması çərçivəsində "Vaxzevira" (əvvəlki adı "AstraZeneca") vaksini gətirilib.

Peyvəndlərin növbəti partiyası Azərbaycana gətirildi

Vaksini TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT, ÜST nümayəndələri qarşılayıb.

Qeyd edək ki, ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza "Vaxzevira" vaksininin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza "Pfizer-BioNTech" vaksini gətiriləcək.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac" şirkətinin istehsal etdiyi "CoronoVAC" peyvəndi ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, 1 milyona yaxın insan peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.