MƏDƏNİYYƏT

Acgözlüyün zirvəsi: Dublyaj bazarında tələblər çoxalıb, qiymətlər yerində sayır

"Ayrı-ayrı tərcümə nümunələrini ələ salmaqla hamı işini bitmiş hesab edib. Bu şəraiti yaradan - telekanalların, yaxud onların həmin işi həvalə etdiyi yaradıcılıq studiyalarının rəhbərliyinin səriştəsizliyi və rüsvayçı acgözlüyüdür".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Milli Teleradio Şurası 2007-ci ildən etibarən telekanallarda əcnəbi dildə film və verilişlərin yayımlanmasını qadağan etdi. Bununla da dublyaj sahəsində xeyli irəliləyiş oldu. Bəs bu 14 il ərzində nə dəyişib? Sputnik Azərbaycan olaraq bütün bu məqamları mütəxəssislərlə - illərini dublyaj studiyalarında keçirən aktyorlarımızla müzakirə etmək istədik. İzlədiyimiz əksər əcnəbi serial və kinoları öz dilimizdə səsləndirən Hüsniyyə Mürvətova deyir ki, dublyaj sahəsindən qazandığı məbləğ olduqca azdır:

Dəyərli filmlərimizin çəkildiyi məhəllə qonaq gözləyir: "İtalyan rejissor bəyənib" - VİDEO

"Müstəqillikdən sonra ölkəmizdə filmlər dublyaj olunanda bir aktrisa və bir aktyor olurdu. İndi isə sinxron dublyaj olunur. Hər obraza uyğun aktrisa və aktyor seçilir. Biz həmin obrazın hisslərini özümüz də yaşayırıq və yansıdırıq. Dublyaj sənəti olduqca çətin işdir. Dublyajda işləyən aktyorların əksəriyyətinin xroniki xəstəliyi var. Dublyaj aktyorlarında nəfəs çatışmazlığı, oksigen çatışmazlığı olur. Çünki biz vaxtımızın böyük bir hissəsini qapalı, səs keçirməyən, havasız otaqlarda keçiririk. Bütün bu əziyyətlərin müqabilində aldığımız qonorar çox azdır. Qonorarımızı artırsalar, çox yaxşı olardı. Başa düşürük, pandemiyadır, çətin vaxtdır. Amma aktyorların da qazancı bundandır axı. Sizə deyim ki, heç çəkildiyimiz seriallarda da vəziyyət yaxşı deyil. Orada da qonorar çox azdır".

Uzun illər dublyaj sahəsində çalışan Nəcibə Hüseynova deyir ki, 2000-ci ilin əvvəllərində dublyaja çox böyük maraq vardı:

"Televiziyalar buna görə çox yaxşı pul verirdilər. Son vaxtlar televiziyalar dublyajı bir-bir bağlayırlar. Adama təəccüblü gəlir ki, məgər Azərbaycan dili ləğv olunub? Bu, bir çox aktyorun işsiz qalması deməkdir. Əvvəlki vaxtlar sinxron tərcümə etmirdik, indi isə sinxron tərcümə edirik. Bu da çox çətindir. Biz o obrazı ikinci dəfə oynayırıq. Çəkilən bu əziyyətin müqabilində verilən qonorar çox aşağıdır. Təxminən 1 filmə 25 manat verirlər".

Aktyor Vüsal Xaliqoğlu da mövcud vəziyyətdən narazıdır. Dediyinə görə, tələblər çoxalıb, di gəl ki, qiymətlər yerində sayır: "Demək olar ki, bütün televiziyalarda çalışmışam. Maddi baxımdan vəziyyət yaxşı deyil. 15 ildir ki, bu işlə məşğulam. 15 il qabaq nə alırdıqsa, indi də elə qiymətlərdir. Tələblər çoxalıb, qiymət isə dəyişməyib. Bizim Rusiya səviyyəsində çalışan peşəkar dublyaj aktyoru və rejissorlarımız var. Peşəkarlıq baxımdan heç bir problem yoxdur. Amma buna qiymət verilmir. Mədəniyyət Nazirliyi də bu məsələyə bir əncam çəkmir".

Təsadüfi imzalar gələcəyimizi hara aparır?

Dublyaj sahəsində vəziyyətdən danışan Kamal Yaşar da həmkarlarının fikirlərinə qoşulur. Aktyorun fikrincə, vəziyyət qənaətbəxş deyil: "Dublay bazarında da bəlli bir məbləğ var, o da çox azdır. Bizim çəkdiyimiz əziyyəti qarşılamır. Digər ölkələrə nisbətən bizdə dublyaja verilən məvacib olduqca aşağıdır. Yaxşı olar ki, mərkəzləşdirmə olsun. Bir mərkəzdən idarə olunsa, bəlkə, vəziyyət düzələr. Dublyaj sahəsi nəzarətsiz bir sahədir. Aktyorlar da ehtiyac üzündən o məbləğə qane olub işlərini davam etdirirlər. Etirazımızı da çatdıra bilmirik, kimə çatdıraq? Filmlər studiyalarda dublyaj olunur, onu da televiziyalar nümayiş etdirir. Televiziyalar çox cüzi pul ayırır. Televiziyalar sifarişçi tərəf olaraq, müraciət elədikləri prodüser mərkəzlərinə, studiyalara normal ödəniş etsələr, bu problem aradan qalxar. Həm də ortada keyfiyyətli iş olar".

Filmlərin tərcüməsində də vəziyyət yaxşı deyil. Bu barədə danışan tərcüməçi Anar Mahmudovun sözlərinə görə, bu haqda çox danışılıb, amma söhbətlər bir qayda olaraq müəyyən nöqtədə dayanıb: "Azərbaycanda dublyajın cari vəziyyətini görmək üçün xüsusi müşahidə qabiliyyəti lazım deyil. Ayrı-ayrı tərcümə nümunələrini ələ salmaqla hamı işini bitmiş hesab edib. Heç kim o vəziyyəti yaradan səbəbləri araşdırmaq istəməyib. Bu şəraiti yaradan - telekanalların, yaxud onların həmin işi həvalə etdiyi yaradıcılıq studiyalarının (prodakşnların) rəhbərliyinin səriştəsizliyi və rüsvayçı acgözlüyüdür. Bütün səviyyələrdə qənaət yalnız yaradıcı işə ayrılan büdcənin hesabına gerçəkləşdirilir.

Təkcə son 7-8 ildə qonorar 2-3 dəfə azaldılıb. Redaktor, rejissor postu demək olar, tam ləğv edilib. Qənaət naminə səsləndirməyə mümkün qədər az sayda aktyor cəlb edilir ki, bu da filmin keyfiyyətinə pis təsirini göstərir. Bir filmi 30 manata, 50 manata, 60 manata tərcümə etdirirlər. Bəzən 30-40 səhifə tutan mətnə cəmi 30 manat qonorar verirlər. Beləcə, bir filmi 100-200 manata aparıb efirə çıxarırlar, halbuki telekanallar bir filmi efirə verməklə reklamdan on minlərlə manat qazanc əldə edirlər. Bu, acgözlüyün zirvəsidir, bundan o yana heç nə ola bilməz".

Məsələ ilə əlaqədar olaraq ölkə televiziyaları ilə əlaqə saxlamağa çalışdıq. Lakin telekanallarda dublyaj işinə məsul olan şəxslərin fikirlərini öyrənə bilmədik.