CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

Pilotsuz uçuş aparatlarının aşkarlanması onların uçuşu zamanı yaratdığı səs siqnallarının spektroqramlarının inteqrasiyası vasitəsilə yaradılmış bir sıra akustik əlamət əsasında aparılıb. 
Sputnik

BAKI, 7 aprel — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) audio əlamətlər əsasında aşkarlanması üçün akustik sistem işlənilir. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, PUA-ların aşkarlanması modeli sadə neyron şəbəkələri və konvolyusiya neyron şəbəkələri əsasında qurulub. Təklif edilən yanaşmanın effektivliyini qiymətləndirmək üçün PUA-ların uçuş zamanı yaratdığı böyük həcmli audio verilənlər istifadə edilib.

Nazir: "İsrail istehsalı PUA-lar qələbədə vacib rol oynadı"

Pilotsuz uçuş aparatlarının aşkarlanması onların uçuşu zamanı yaratdığı səs siqnallarının spektroqramlarının inteqrasiyası vasitəsilə yaradılmış bir sıra akustik əlamət əsasında aparılıb.

Qeyd olunub ki, bu qurğuların tətbiqinin intensivləşdiyi bir dövrdə meydana çıxan problemlərdən biri də təhlükəsizlik və məxfiliklə bağlı qaydalara riayət edilməsidir. Elə ərazilər vardır ki, bu ərazilərdə PUA-ların icazəsiz uçuşunun təşkili təhlükəsizlik və məxfiliklə bağlı ciddi problemlər yaradır və hətta bədbəxt hadisələrlə nəticələnə bilər. Bu ərazilərə hava limanları, hərbi obyektlər, xəstəxanalar, həbsxanalar, sərhəd zonaları, nüvə elektrik stansiyaları, neft emalı zavodları aid edilə bilər.

PUA-ların ən çox məxfiliyin qorunması tələb olunan mülki ərazilərdə məsafədən videoçəkilişlərin aparılması üçün istifadə hallarının qarşısını almaq üçün bu qurğuların həssas ərazilərin üzərindən icazəsiz uçduğunu vaxtında aşkarlamaq vacib hesab olunur.

Hazırda PUA-ların aşkarlanması üçün müxtəlif həllər mövcuddur: onların yaydığı radiosiqnalların qəbulu və analizi, akustik şablonların analizi, videoların emalı, infraqırmızı şəkillərin yaradılması, radar və lidar sistemləri.