MƏDƏNİYYƏT

İlk müstəqil teatrımız havada qalıb - "ADO-nu atam-anam üçün qurmamışam"

Elmin Bədəlov: "ADO-nu cəmiyyət üçün, Azərbaycan üçün yaratmışam. Necə yəni, bu boyda ölkədə bizə bir balaca yer yoxdur? Var, istəsələr edərlər. 9 il mən və kollektivim bunu edib".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. "Rəssam, oymaçı, bəstəkar özü nəsə yaradırsa, aktyorun özü incəsənətdir. Onun aləti elə özüdür", - Elmin Bədəlov deyir. Elmin Bədəlov Azərbaycanın ilk müstəqil və modern teatrı - ADO-nun yaradıcısdır. Aktyor və eyni zamanda rejissor kimi fəaliyyət göstərən teatrın rəhbəri ADO-nun fəaliyyətindən, bugünkü vəziyyətindən Sputnik Azərbaycan-a danışıb:

"ADO-dan o qədər mənəvi qazancım olub ki, onu milyardlara dəyişmərəm. Bilasuvarda anadan olmuşam. 17 yaşıma qədər orada yaşamışam. Orada düşünürdüm ki, incəsənət sahəsinə gedim. Amma ailəm düşünürdü ki, bu gəlirsiz sahədir. Ona görə də israrla Neft Akademiyasına qəbul olmağımı istədilər. Düşündülər ki, neft ölkəsiyik, daha çox gəlir əldə edə bilərəm. Amma mənim arzularım başqa idi. Həyatım ziqzaqlarla dolu olub. 15-16 yaşımda olanda düşünürdüm ki, evdən qaçım, gəlim Bakıya, incəsənətlə məşğul olum. Amma düşündüm ki, ora getsəm, maddi ehtiyaclarımı kim ödəyəcək? Elə buna görə də ailəmlə razılaşdım, Neft Akademiyasına qəbul olundum. Gələndən sonra media ilə çalışmağa başladım. Paralel olaraq həm də incəsənətlə məşğul olurdum. Akademiyada oxuduğum vaxt ora haqqında yazı hazırlamışdım, onları tənqid etdiyimə görə təhsilimi bitirməyə 5-6 ay qalmış məni xaric etdilər. 2012-ci ildə ADO teatrının ODA adı ilə fəaliyyətinə başladıq. 15 iyul 2013-cü ildə mən onu rəsmiləşdirdim. Öz ad günümdə özümə hədiyyə etdim. 40 kvadratlıq bir yeri icarəyə götürdüm. Oturacaqlar filan yox idi, tamaşaçılar döşəkcədə otururdular. Burada təkcə teatrla məşğul olmurduq, burada incəsənətin digər sahələri də olub. Rəsm sərgiləri, kitab təqdimatları olub. Kitab tərcümə edirdik, özümüz də kitab yazmışdıq. 9 ildə Azərbaycanın il müstəqil teatrı olaraq çox ilklərə imza atdıq".

Bir zamanlar bir çox uğurlara imza atan ADO-nun yaradıcısı teatrın bugünkü vəziyyətindən danışdı: "ADO-nu atam-anam üçün qurmamışam, cəmiyyət üçün, Azərbaycan üçün yaratmışam. Necə yəni, bu boyda ölkədə bizə bir balaca yer yoxdur? Var, istəsələr edərlər. 9 il mən və kollektivim bunu edib. 10 Mart Milli Teatr Günündə ölkənin ilk müstəqil teatrı əşyaları ilə birlikdə çöldə qalıb, Mədəniyyət Nazirliyi Teatr Günündə bayram edirdi".

"Rumıniyadan festivaldan qayıdırdım. Sərhəddə gömrük müfəttişi deyir ki, "Ayaqqabını çıxart", "Niyə o ölkədən gəlirsən?", "Niyə səndə 3 illik Fransa vizası var?" kimi suallar verirlər. Hər dəfə sərhəddən keçəndə mənə deklarasiya yazdırırlar. Deyirəm, "Çünki biz fransız dramaturqun əsərini tərcümə edib səhnələşdirmişik. Dəfələrlə səfir gəlib tamaşaya baxıb. Dəstək olmaq üçün viza veriblər ki, digər Şengen vizası keçən ölkələrə keçim. Festivallar üçün hər dəfə viza almayım deyə mənə kömək ediblər. Mən cinayət etmirəm ki, mən rəqs etmək istəyirəm"".

Elmin teatrının kollektivindən də danışdı. Deyir ki, ADO-nun qapıları hər kəs üçün açıq olub: "Aktyorlarımızın bir qismi İncəsənət Universitetinin tələbələridirlər, bir qismi başqa teatrlardan gəlib, paralel olaraq bizimlə də əməkdaşlıq edirlər. Nə universitet, nə də teatrda işləyən insanlar var ki, onlar yalnız ADO-da işləyirlər. Yəni, ADO həmişə bu barədə zəngin olub. ADO heç vaxt deməyib ki, bizdə yalnız peşəkar aktyorlar oynamalıdır. ADO qapılarını hər zaman sənətsevərlərə açıq qoyub. İki aktyorumuz İncəsənət Universitetini bitirib, əvvəlcə dövlət teatrlarına gediblər. Getdikləri dövlət teatrları onlara müxtəlif bəhanələr gətirmişdi. "Boyun balacadır", "nitqində problem var" kimi fikirlərlə gənc aktyorları uzaqlaşdırmışdılar. Hansı teatrlar ki, Sovetin qalıqlarıdır, hələ də Sovetin qoyduğu qanunlarla işləyirlər. Bəziləri də ənənəvi olaraq "praktikanız yoxdur" demişdilər. Bu problem bütün sahələrdə var. Adam universiteti yeni bitirib, ondan hansı praktika gözləyə bilərsən? Adam bir yerdən başlamalıdır da. Biz onları götürdük, üzərində işlədik. Gəlib tamaşaya baxanda da təəccüblənmişdilər ki, biz bu uşaqları belə görməmişdik. İndi onların hər biri bir dövlət teatrında çalışır".

İlk müstəqil teatrımız havada qalıb - "ADO-nu atam-anam üçün qurmamışam"

Operativ Qərargahın qərarlarından gileylənən rejissor deyir ki, "onların verdikləri qərarlar da özləri kimi qəribədir": "Kafedə maskasız oturmaq olar, amma teatrda maska ilə oturmaq olmaz. Məgər avtobusdakı basabası görmürlər? Bababasda virus yoluxmur, teatrda ara məsafə ilə oturanda virus yoluxur? Cəmiyyətə teatr lazımdır. İnsanlarımız psixoloji gərgin bir prosesdən keçiblər. 1 ildən artıq davam edən pandemiya, maddi problemlər və müharibə insanları gərginləşdirib. Onlara teatr lazımdır, getsinlər bir az gərginlikləri azalsın. Türkiyədə pandemiya vaxtı tamaşalara baxırdım. Bizdə isə icazə vermirlər. Niyə? Onsuz da insanların psixologiyasını yetərincə korlamısınız. İmkan verin, teatrları açın insanlar qismən özlərinə gələ bilsinlər. Hökumət dəyişə bilər, amma ölkə hamımızındır. İnsanları ölkəsindən niyə bezdirirlər axı? Özümün şəxsi evim yoxdur ki, teatrın rekvizitlərini aparım evimə".

Elmin həm də DAO-nun yaradıcısıdır: "Gəncədə də DAO adlı teatr yaratdım. İlk performansı mən hazırlayıram. Sonra onu da zamana və cəmiyyətə buraxacam. DAO teatrında vəziyyət yaxşıdır. Amerika səfirliyi dəstək verir. Yeni performans üzərində işləyirlər. 36 nəfər kastinq üçün gəlmişdi, mən onlardan 11 nəfərini qəbul etdim. Onların içində müxtəlif peşə sahibləri var ki, onlar teatra gəliblər. Mən onları hazırlayıb, özlərinə verəcəm. Sonra gəncəlilər sahib çıxsalar, davam edəcək, yoxsa yox. Onu da özüm üçün etməmişəm".

Müstəqil teatrın yaradıcısı deyir ki, ADO teatrı yarandığı gündən bu günə qədər onu sərt tənqid edənlər də olub, dəstəkləyənlər də: "Bu, normaldır. Çünki cəmiyyətin formalaşması üçün mütləq fikir ayrılığı olmalıdır. Cəmiyyəti inkişafa aparan da elə fikir ayrılığıdır. ADO yarandığı gündən həmişə müzakirə olunub. Bu, məni sevindirir. Müzakirə olunursa, deməli varıq. Əvvəl bizim xanım tamaşaçımız az olurdu. Amma sonra xanım tamaşaçılarımız da artmağa başladı. Bu cəmiyyət digər cəmiyyətlərlə müqayisədə problematik, inkişafdan xeyli geridə qalmış cəmiyyətdir. Ona görə də onların bizi təndiq və təhqir etmələri normaldır. Ən inkişaf etmiş cəmiyyətlərdə belə, problemlər var. Sadəcə bu problemləri başa düşən insanlar qaldırmalıdır".

ADO teatrının 8 martda Nizami küçəsində təşkil olunan tamaşa cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Teatr rəhbəri həmin tamaşadan danışdı: "8 martdan bir müddət öncə bir gender təşkilatı (Gender Hub Azerbaijan) bizimlə əməkdaşlıq etmək istədi. Onlar dedilər ki, biz texniki tərəflərini təmin edirik, siz tamaşanı qurun. Mən həmin vaxt Gəncədə idim, ona görə də bu işi teatrımızın aktrisası və eyni zamanda rejissor İskra Tarranta həvalə etdim. Fikirləşdim ki, onun da qadın olmağı tamaşanın daha təsirli olmasına rəvac verib. "Ay bəri bax, bəri bax" tamaşasını küçədə nümayiş etdirərək iplə insanların yolunu kəsmək istəyirdilər. Yəni, demək istəyirdilər ki, biz qadınlara baxın. Təbii ki, bu tamaşa kütlə üçün deyil. Azərbaycan cəmiyyəti çox vaxt qadını əzib. Bizim aktrisalarımız "Torqovı"da insanların yolunu kəsərək "qadına diqqət edin, qadına azadlıq verin, qorxmayın qadına azadlıq verməyə" şüarını səsləndirirdilər. Məncə, başa düşənlər düşdü, başa düşməyənlər ironiya ilə deyirlər "qadınlar paltarları paltaryuyanla yuyurlar". O iplər simvolik məna daşıyır. Bunu da təbii qarşılayıram. Çünki Azərbaycanda incəsənəti o qədər "boğublar" ki, kütlə o qədər savadsızdır ki, teatrı anlaya bilmir. Təhsilsizlik olduğuna görə cəmiyyət incəsənəti də anlaya bilmir".