VİDEO

Həyat davam edir: qazilərimiz yenidən ayağa qalxır

İkinci Qarabağ müharibəsində yaralanmış qazilərimizi ayağa qaldırmaq üçün görülən işlər davam edir. Bu video-materialda qəhrəmanlarımızdan birinin yenidən ayağa durub yeridiyi anı lentə almışıq. Qazimiz bu zaman keçirdiyi hissləri də bizimlə bölüşüb.
Sputnik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi veteranlarının yüksək texnologiyalı protezlərlə təmin olunması istiqamətində görülən işləri davam etdirir. Belə qazilərdən biri də döyüşlərdə göstərdiyi şücaətinə görə "Cəsur Döyüşçü" medalına layiq görülmüş qəhrəman Abdulla Abdullayevdir.

Müharibə qəhrəmanları yenidən ayağa qalxa biləcəklər: Bakıda protezləşdirmə prosesi

Qazimiz Ağdamda ermənilərin minaatandan açdıqları atəş nəticəsində hər iki ayağını itirib. Könüllü olaraq cəbhəyə yollanan Abdulla oktyabrın 5-də yaralanandan sonra hərbi hospitala göndərilib. Abdullayev noyabrın 24-dən etibarən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin Protez-Ortopedik Bərpa Mərkəzindədir. Onun ilkin müayinəsi də burada keçirilib və qurumun mütəxəssisləri yenidən qazımızı ayağa qaldırıblar.

Burada Müharibə veteranları üçün üçüncü və dördüncü nəsil yüksək texnologiyalar əsasında hazırlanmış bionik protezlər istehsal olunur. 2020-ci ilin dekabr ayından bəri 15 nəfər qazimiz belə protezlərlə təmin edilib.

Mərkəzdə, həmçinin sosial və psixoloji reabilitasiya aparılır, effektiv fizioterapiya metodları ilə müalicəvi məşqlər həyata keçirilir, elektron texnologiyalarından geniş istifadə olunur. Və ən əsası, burada xəstələrə xüsusi diqqət və qayğı ilə yanaşırlar.