SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üfüqdə yeni hərbi-siyasi ittifaqın işartıları görünür

Biz hal-hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının timsalında kifayət qədər əhəmiyyətli və ciddi formatın yaranmasının şahidi olmaqdayıq.
Sputnik

Elvin Səlimov , Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəqliyyat-kommunikasiya şəbəkəsi və türkdilli ölkələr arasında əlaqələr daha da genişlənəcək. Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev deyib.

Qeyd edək ki, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilmişdi. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirmişdi ki, Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

Sputnik Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin türkdilli dövlətlərin əməkdaşlığına təsiri və bundan sonrakı proseslərdə Türk Şurasının rolu ilə bağlı Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlunun fikirlərini öyrənib.

Türk Şurası da azad olunmuş ərazilərin bərpasında iştirak etmək niyyətindədir

Ekspert bildirib ki, sonuncu Zirvə görüşü əhəmiyyətli qərarların qəbul edilməsi ilə yadda qalıb:

"Bu görüşdə əhəmiyyətli mesajlar verildi. Artıq qərb analitikləri də qeyd edir ki, Türk Şurası getdikcə geoiqtisadi və geosiyasi əhəmiyyətini artıran təşkilata çevrilir. Şübhəsizdir ki, burada Azərbaycan və Türkiyə aparıcı rola malikdir. Artıq əməkdaşlıq müxtəlif sahələr üzrə genişlənir. Biz burada sadəcə iqtisadi, mədəni və siyasi əlaqələrdən danışmırıq. Burada həm də yeni reallıqlar ortaya çıxır. Biz gələcəkdə Türk Şurasının əməkdaşlıq istiqamətləri içərisində hərbi-siyasi əməkdaşlığın gündəmə gələcəyini proqnozlaşdıra bilərik. O cümlədən müxtəlif sahələr üzrə vahid fəaliyyət mexanizminin hazırlanacağı ilə bağlı da müəyyən proqnozlar verilə bilər".

Onun sözlərinə görə, biz hal-hazırda kifayət qədər əhəmiyyətli və ciddi formatın yaranmasının şahidi olmaqdayıq: "Təbii olaraq bunun regiona müsbət qatqıları olacaq. Hətta deyərdim ki, bu əməkdaşlıq bir sıra transmilli layihələrin reallaşdırılmasında baza rolunu oynaya biləcək və bununla da gələcəkdə bu təşkilatın tərkibi daha da genişlənə bilər. Macarıstanın təşkilatda təmsil olunmaq cəhdlərini görürük, həmçinin Cənubi Koreyanın bu formatda iştirakçılıq arzusu hiss olunur. Formatın böyüməsinin obyektiv səbəbləri var. Bu təşkilatın məqsədləri və hədəfləri aydındır. Bu birlik hansısa ölkələrə qarşı yönəlməyib".

Vüqar Zifəroğlunun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi təkcə Azərbaycan üçün əhəmiyyətli bir məsələ deyil. Sözün həqiqi mənasında bu regional və beynəlxalq əhəmiyyət daşıyır. Qəbul edilmiş üçtərəfli bəyanatda təsbit olunmuş müddəaların ciddi iqtisadi və siyasi əhəmiyyəti danılmazdır. Bu bölgə ölkələrinin inkişafı baxımından əhəmiyyətlidir.

"Zəngəzur dəhlizi məsələsi burada qeyd edilməlidir. Bu türk dövlətlərinin mövcud əlaqələrinin daha da möhkənləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Dəhlizin açılması əlaqələrimizin genişlənməsi üçün imkanlar açmaqla yanaşı, eyni zamanda beynəlxalq layihələrin işə salınması və genişlənməsinə imkan yaradacaq. Bu gün Azərbaycan üçün Qarabağın bərpası ən əhəmiyyətli məsələlərdəndir. Cənab prezident də dəfələrlə qeyd edib ki, bu prosesə Azərbaycana dost olan ölkələr cəlb ediləcək. Bu böyük quruculuq prosesidir. Azərbaycan özünün haqq davasında ona dəstək olan, onun yanında dayanan dost və qardaş ölkələr üçün bütün şəraitləri yaratmağa hazır olduğunu ifadə edib", - deyə ekspert əlavə edib.